Azərbaycan Beynəlxalq Bankı bəzi törəmə qurumlarının bağlanması barədə qərarına aydınlıq gətirib. Ləğvinə qərar verilən törəmə qurumlar “Bank “MBA-Moskva” (MBA-Moskva), “Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan” (ABB-Gürcüstan) bankları və “Biznes-Rabitə” MMC-dir.
Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov bununla bağlı bildirib:
“14 mart 2018-ci il tarixində keçirilmiş Bankın Səhmdarlarının Ümumi Yığıncağında “Bank “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alındı. Bu qərar, təbii ki, ətraflı təhlillərə əsaslanır. Adı çəkilən qurumların bankın gələcək fəaliyyəti üçün iqtisadi baxımdan səmərəliliyi nəzərə alındı və onların fəaliyyətinin dayandırılmasına qərar verildi. Belə bir qərar Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinə hazırlıq planları ilə də bağlıdır”.
Eləcə də bax: “Azərikard” və Beynəlxalq Lizinq ilə bağlı - BANKIN QƏRARI
Bu müəssisələri ləğvetmə prosedurları onların fəaliyyət göstərdiyi ölkələrin müvafiq qanunvericilik normaları çərçivəsində həyata keçiriləcək. Müştərilər qarşısındakı öhdəliklər yerinə yetiriləcək.
Bankın digər törəmə müəssisələri, o cümlədən “Azərikard” prosessinq mərkəzi və “Beynəlxalq Lizinq” Şirkəti isə fəaliyyətini davam etdirməkdədir.
Qeyd edək ki, “Aqrarkredit” QSC səhmdar kredit təşkilatının “Azərbaycan Beynəlxalq Bankı” ASC-dəki payı dövlətə ötürülüb. Beləliklə, dövlətin bankın səhmlərindəki payı 96,5 %-ə yüksəlib.