Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan-Poladlı avtomobil yolunun açılışında iştirak ediblər.
FED.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, 5 min nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2018-cı ildə imzaladığı Sərəncama əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat vəsait ayrılıb. İki hərəkət zolaqlı yolun ümumi uzunluğu 14,5 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Dördüncü texniki dərəcəli yolun inşası zamanı müxtəlif diametrli 7 suötürücü boru quraşdırılıb, zəruri yerlərdə yol nişanları, göstərici lövhələr, siqnal dirəkləri qoyulub, yol cizgi xətləri çəkilib. Yolun inşası texnoloji ardıcıllığa uyğun və yüksək keyfiyyətlə həyata keçirilib. Qobustan-Poladlı yolu bu bölgədə yaşayan insanların Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaradıb. Bu layihənin icrası sürücülərin təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.
FED.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının fəaliyyət göstərdiyi bina 1965-ci ildə Mərəzə Qəsəbə Xəstəxanası qismində istifadəyə verilib və 1991-ci ildən isə Qobustan Rayon Mərkəzi Xəstəxanası kimi fəaliyyət göstərib. Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə 2014-cü ildə başlanıb. İnşaat işləri 2018-ci ildə başa çatdırılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış oldular.
Məlumat verildi ki, 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının inşası müasir səviyyədə və yüksək keyfiyyətlə həyata keçirilib. Xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub. Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Bu avadanlığın hər biri istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Xəstəxanada cərrahiyyə, terapiya, təcili tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri, poliklinika, infeksiya xəstəlikləri, şüa-diaqnostika (radiologiya), reanimasiya və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxananın laboratoriyaları da müasir səviyyədədir. Burada laborator müayinələri yüksək dəqiqliklə və qısa müddətə aparmaq üçün hərtərəfli şərait var. Hazırda xəstəxanada 26 həkim və 51 orta tibb işçisi çalışır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tibb ocağının kollektivi ilə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Sonda xatirə şəkli çəkdirildi.
******
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də Qobustan rayonuna səfərə gediblər.
FED.az xəbər verir ki, Dövlət başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.