Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo ilə telefon danışığı zamanı Türkiyə boğazlarının təhlükəsizliyinin vacibliyini bir daha təsdiqləyib və bu boğazlardan keçmək istəyən neft tankerlərinin sığorta şirkətlərindən təsdiq məktubları təqdim etməli olduğunu vurğulayıb.
Türkiyə boğazlarındakı «tanker tıxacında» - 18 milyon barel neft dayandırılıb
FED.az xəbər verir ki, diplomatik mənbələrindən alınan məlumata görə, tərəflər arasında telefon danışığı dekabrın 7-də baş tutub.
S.Önal mühafizə və təzminat sığortası (P&I) şirkətlərinin Rusiya neftini maksimum qiymətdən yuxarı daşıyan tankerlərin P&I sığortasının etibarsız olacağını açıqladıqdan sonra Türkiyə boğazlarından keçməyi planlaşdıran neft tankerləri üçün sığorta şirkətlərindən təsdiq məktubunun təqdim edilməsi zərurətinə diqqət çəkib.
Türkiyə tərəfi Bosfor boğazında gəmiçilik, əmlak və ətraf mühitin təhlükəsizliyinin vacibliyini bir daha qeyd edib.
Qeyd edək ki, Türkiyə tərəfi tankerlərdən sığortalarının etibarlılığını sübut etmələrini tələb etməyə başlayıblar. Türkiyə boğazlarından daşınan neftin mənşəyini ayırd etmək mümkün olmadığı üçün etibarlı P&I sığortası olmayan tankerlər Türkiyə sularına buraxıla bilməz. (Trend)