18 mart 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində martın 15-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyası keçirib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, aksiya çərçivəsində Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1 hektar sahədə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan 600-dən çox Eldar şamı və zeytun ağacı əkilib. Həmçinin aksiyanın keçirildiyi ərazidə müvafiq abadlıq işləri aparılıb.
“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında təşkil olunan tədbirdə Azərbaycan Hava Yollarının 50-yə yaxın əməkdaşı iştirak edib. Aksiya ekoloji tarazlığın qorunması məqsədini daşıyırdı.
AZAL BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq ağacəkmə və digər ekoloji təşəbbüsləri həyata keçirməklə ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini nümayiş etdirir.