ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, İranın bütün aviaşirkətlərinin fəaliyyəti sentyabrın 23-dən etibarən dünya üzrə faktiki olaraq dayandırılacaq.
FED.az xəbər verir ki, Bessent bildirib ki, Vaşinqton İran aviaşirkətlərinə xidmət göstərən xarici şirkətləri ABŞ-nin maliyyə sistemindən çıxarılmaq riski ilə üz-üzə qoyacaq.
“Bunu necə edəcəyik? Əgər onlar hava limanına enərlərsə, onlara yanacaq verə bilməzsiniz. Eniş xidmətləri göstərə bilməzsiniz, bilet sata bilməzsiniz. Əks halda dollar sistemindən çıxarılacaqsınız”, – Bessent bildirib.
Onun sözlərinə görə, Vaşinqton İran üzərində iqtisadi təzyiqi daha da artırır və Tehranla əməkdaşlıq edən banklar, şirkətlər və digər maliyyə strukturlarına qarşı tədbirləri genişləndirir.
ABŞ Xəzinədarlığı sentyabrın 8-də İranın aviasiya sektoruna qarşı geniş sanksiyalar paketi açıqlayıb. Paket çərçivəsində İranın 27 aviaşirkəti də daxil olmaqla ümumilikdə 36 hədəf sanksiya siyahısına daxil edilib. ABŞ tərəfi xarici şirkətləri İranın aviasiya sektoruna xidmət göstərməyə davam etdikləri halda ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəkləri barədə xəbərdar edib.
Bundan başqa, ABŞ Xəzinədarlığı sentyabrın 14-də Rusiyanın dövlət nəzarətində olan VTB Bank-a İranın sanksiyalardan yayınmasına yardım göstərdiyi iddiası ilə yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi bankın sanksiya altında olan İran bankları ilə müxbir münasibətləri qurduğunu bildirib.
Böyük Britaniya Səudiyyə Ərəbistanına hərbi dəstək verir
Eyni zamanda Böyük Britaniya Yəməndəki husilərin hücumlarının intensivləşməsi fonunda Səudiyyə Ərəbistanına məhdud müddət üçün havada yanacaqdaşıma dəstəyi göstərməyə razılaşıb.
Böyük Britaniyanın Baş naziri Endi Börnem bildirib ki, Kral Hərbi Hava Qüvvələrinin bir “Voyager” təyyarəsi Səudiyyə Ərəbistanı təyyarələrinə havada yanacaq doldurulmasını təmin edəcək. Razılaşma məhdud müddət üçün nəzərdə tutulub və vəziyyətdən asılı olaraq yenidən qiymətləndiriləcək.
Londonun bu qərarı Səudiyyə Ərəbistanının hərbi dəstək müraciətindən sonra verilib. Son həftələrdə husilər Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatları ilə hücumları artırıblar.
Reuters-in məlumatına görə, Səudiyyə Ərəbistanı ABŞ-dən də Yəməndə husilərə qarşı hərbi əməliyyatlara qoşulmağı istəyib. ABŞ Prezidenti Donald Tramp administrasiyasının hava zərbələri hazırladığı, lakin son anda əməliyyatın həyata keçirilməməsi barədə qərar verildiyi bildirilir.
Bab əl-Məndəb boğazında risk artır
Husilər sentyabr ayında Yəmənin Qırmızı dəniz sahillərində irəliləyərək strateji əhəmiyyət daşıyan ərazilərə, o cümlədən Perim adasına çıxış əldə ediblər. Reuters-in məlumatına görə, husilər sentyabrın 11-də Bab əl-Məndəb boğazında yerləşən Perim adasına çatıblar.
Bab əl-Məndəb Qırmızı dənizi Ədən körfəzi və Ərəb dənizi ilə birləşdirən, qlobal enerji və yükdaşımaları üçün mühüm əhəmiyyət daşıyan dəniz keçididir.
Mövcud vəziyyət Səudiyyə Ərəbistanı üçün də xüsusi əhəmiyyət daşıyır. Krallığın Şərq-Qərb neft kəməri hasil olunan neftin bir hissəsini Fars körfəzi və Hörmüz boğazından yan keçərək Qırmızı dəniz sahillərinə çatdırmağa imkan verir.
Husilərin Bab əl-Məndəb ətrafında mövqelərini gücləndirməsi, eyni zamanda Hörmüz boğazında davam edən gərginlik qlobal neft daşımaları üçün iki mühüm dəniz marşrutunda risklərin yüksəlməsi deməkdir. Reuters husilərin Qırmızı dəniz sahillərindəki son irəliləyişinin qlobal neft təchizatına dair narahatlıqları artırdığını bildirir.












