Xəbər verildiyi kimi, Azərbaycan və Dominikan Respublikası arasında adi pasport sahibləri (adi pasport sahibləri – yəni bütün xarici pasportu olanlar) üçün viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb.
FED.az xatırladır ki, sənəd sentyabrın 23-də Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər nazirləri Ceyhun Bayramov və Roberto Alvarez Gilin görüşünün yekununda imzalanıb.
Saziş qüvvəyə mindikdən sonra azərbaycanlı turistlər üçün yeni və ekzotik bir istiqamət açılacaq. Söhbət hər il 11 milyondan artıq xarici qonağın getdiyi, ağ qumlu çimərlikləri, Karib dənizi, “all inclusive” otelləri və tropik təbiəti ilə məşhur olan Dominikan Respublikasından gedir.
Bəs Dominikan haradadır, ora niyə bu qədər turist gedir, qiymətlər necədir və Azərbaycandan ora getmək nə qədər realdır?
Dominikan Respublikası harada yerləşir?
Dominikan Respublikası Karib hövzəsində, Hispaniola adasının şərq hissəsində yerləşən tropik ölkədir. Dominikan sahəsinə görə Azərbaycandan 2 dəfə kiçikdir - 48 670 km²-dir. Adanın qərb hissəsində Haiti yerləşir.
Ölkənin paytaxtı Santo Domingo, əsas turizm mərkəzi isə Punta Canadır. Əhalisi təxminən 11,5 milyon nəfərdir. Dominikanı bəzən Karibdəki digər ada dövləti Dominika ilə qarışdırırlar. Bunlar tamamilə fərqli ölkələrdir.
Dominikan Respublikasının rəsmi dili ispan dilidir, pul vahidi isə Dominikan pesosudur (DOP). Mərkəzi Bankın 22 sentyabr 2026-cı il məzənnəsində 1 ABŞ dolları təxminən 59,7 peso səviyyəsində olub.
İqtisadiyyatı Azərbaycandan 2 dəfə böyükdür
Dominikan Respublikası yalnız turizmdən ibarət deyil.
Dünya Bankının məlumatına görə, 2025-ci ildə ölkənin ÜDM-i təxminən 127,4 milyard dollar, adambaşına nominal ÜDM isə 11 059 dollar olub. 2025-ci ildə iqtisadi artım 2,1%, inflyasiya 3,9% təşkil edib.
2026-cı ildə artım yenidən sürətlənib. Dominikan Mərkəzi Bankının məlumatına görə, yanvar-iyulda iqtisadi fəallıq 4,5% artıb. Tikinti, azad iqtisadi zonalardakı istehsal, maliyyə xidmətləri, nəqliyyat, hotellər, barlar və restoranlar artıma töhfə verən sahələr arasındadır.
Turizm ölkəyə böyük həcmdə xarici valyuta gətirdiyindən dövlət bu sektora ciddi investisiya qoyur.
Niyə milyonlarla turist məhz Dominikana gedir?
Dominikanın vizit kartı - dəniz, çimərlik, iqlim və böyük resortlardır. Ölkənin əsas turizm şəhəri Punta Canadır.
Dominikanın rəsmi turizm portalının məlumatına görə, Punta Cana sahillərində 50 kilometrdən artıq ağ qumlu çimərlik uzanır. Bávaro və Macao çimərlikləri, Saona adasına katamaran turları, Cap Cana, Hoyo Azul, su idmanı, dalğıclıq, gecə həyatı və böyük resort kompleksləri əsas turizm məhsullarıdır.
Əslində Dominikan turizmi miqyasına görə Azərbaycan turistinin Türkiyədə gördüyü Antalya modelinə müəyyən qədər bənzəyir: hava limanına enirsiniz, transferlə böyük resorta gedirsiniz və dəniz, hovuz, restoran, bar, əyləncə və müxtəlif xidmətlərin böyük hissəsi eyni kompleksdə təqdim olunur.
Fərq ondadır ki, burada atmosfer artıq Karib hövzəsidir. Palma ağacları, ağ qum, firuzəyi su, tropik meyvələr, rum, siqar, merengue və bachata Dominikanın turizm imicinin bir hissəsidir.
Turizm həqiqətən bu qədər inkişaf edib?
Turizm Dominikan iqtisadiyyatının ən güclü sahələrindən biridir.
2025-ci ildə ölkəyə rekord sayda - 11 milyon 676,9 min xarici ziyarətçi gəlib. Bunun 8,86 milyonu təyyarə, 2,82 milyonu isə kruiz sərnişinləri olub. Turist sayı 2024-cü illə müqayisədə 4,3% artıb.
Artım 2026-cı ildə də davam edir. Təkcə yanvar-avqustda ölkə 8 milyon 556 min ziyarətçi qəbul edib – əvvəlki ilin eyni dövründən 6,9% çox.
Yəni Dominikan Azərbaycan üçün yeni istiqamət olsa da, dünya turizm bazarında yeni və ya az tanınan ölkə deyil. Əksinə, Karib hövzəsinin ən böyük turizm mərkəzlərindən biridir.
Azərbaycanlı turist orada nə edə bilər?
Bir həftəlik səfərin yalnız oteldə keçməsi məcburi deyil. Dominikanın maraqlı tərəfi dəniz turizmi ilə təbiət və tarixi birləşdirməsidir. Ən klassik seçim Punta Cana + Bávarodur. Burada əsas məqsəd çimərlik və resort istirahətidir.
Saona adasına günlük tur etmək olar, katamaran və sürətli qayıqlarla gedilən bu ada Dominikanın ən məşhur ekskursiyalarındandır.
Daha aktiv səyahət istəyənlər üçün şəlalələr, mağaralar, zipline, buggy turları, snorkeling və diving var.
Paytaxt Santo Domingoda çimərlikdən daha çox şəhər həyatı, ispan müstəmləkə dövrünün memarlığı və tarixi məkanlar ön plana çıxır.
Təbiət həvəskarları üçün Samaná yarımadası ayrıca istiqamətdir. Xüsusilə balinaların mövsümi müşahidəsi ilə tanınır.
Bəs Azərbaycandan Dominikana getmək asandırmı?
Dominikanın Azərbaycan turistləri üçün ən böyük mənfi tərəfi oraya gedib çatmaqdır.
Məsafə çox böyükdür.
Bakıdan Punta Canaya hazırda rahat birbaşa reys yoxdur. Praktik səfər tranzitlə təşkil olunmalıdır. Marşrutdan və gözləmə müddətindən asılı olaraq səfər çox uzun çəkə bilər.
Uçuş müddəti uzun olduğuna görə Dominikanı bir neçə günlük deyil, azı 7-10 günlük getmək lazımdır. Çünki uzun uçuş və bahalı aviabilet üçün 3–4 günlük səfərin iqtisadi mənası azalır.
Turistlər üçün əsas xərc Bakı–Punta Cana aviabiletidir.
Punta Cananın özündə isə seçim böyükdür: sadə yerləşmədən lüks 5 ulduzlu “all inclusive” resortlara qədər.
Səyahətçilərin faktiki xərclərini toplayan Budget Your Trip bazasında Punta Cana üçün orta turist xərci təxminən 180 dollar/gün göstərilir. Bir nəfərin bir həftəlik orta yerli səfər xərci təxminən 1 259 dollar, iki nəfər üçün isə 2 518 dollardır. Buraya aviabilet daxil deyil.
Azərbaycanlı turist üçün bu məbləğə aviabilet də əlavə olunacaq.
Oteldə “all inclusive” götürmək sərfəlidirmi?
Punta Cana turizm modeli məhz resortlar üzərində qurulduğuna görə oteldə yemək, içki və əyləncənin paketə daxil olduğu sistem geniş yayılıb.
Bu, Azərbaycan turistinin Antalya və ya Şarm əl-Şeyxdə tanıdığı sistemə yaxındır və ailə ilə gedəndə əvvəlcədən büdcəni müəyyənləşdirmək baxımından rahatdır.
Kriminal vəziyyət – turist üçün təhlükəlidirmi?
Dominikan turistlərin sərbəst şəkildə getdiyi ölkədir, amma kriminal risk Avropanın təhlükəsiz turizm ölkələri ilə eyni səviyyədə deyil.
ABŞ Dövlət Departamenti Dominikan Respublikası üçün hazırda Level 2 – “Exercise Increased Caution”, yəni “yüksək ehtiyatlılıq nümayiş etdirin” səviyyəsini saxlayır. Səbəb cinayətkarlıqdır. Turizm zonalarında polis iştirakının daha yüksək olduğu da qeyd edilir.
Britaniya hökumətinin 23 sentyabr 2026-da qüvvədə olan səyahət məlumatında da ölkədə cinayət səviyyəsinin yüksək olduğu, cibgirlik və çanta oğurluğundan tutmuş silahlı soyğun və avtomobil oğurluğuna qədər hadisələrin baş verdiyi bildirilir. Xüsusilə motosikletlə yaxınlaşıb telefon və çanta oğurlanması barədə xəbərdarlıq edilir.
Amma turist zonaları ayrıca nəzərə alınmalıdır. Punta Cana kimi kurort əraziləri daha çox polis nəzarətindədir və ölkədə POLITUR – turist polisi fəaliyyət göstərir.
Dominikana nə vaxt getmək yaxşıdır?
Dominikan tropik ölkədir və ilboyu isti hava var.
Amma Azərbaycan turistinin nəzərə almalı olduğu əsas məsələ Karib hövzəsinin mövsümiliyidir. Qış ayları – xüsusilə dekabr-aprel – dəniz istirahəti üçün ən populyar dövrlərdəndir. Dominikan Azərbaycan üçün xüsusilə qış tətili istiqaməti ola bilər.






![Viza ləğv edildi: Azərbaycanlıların gedəcəyi Karib dənizi ölkəsi - [red]Dominikan necə yerdir? – QİYMƏTLƏR - FOTOLAR[/red] | FED.az](/upload/news/small/2374161.jpg)
![Viza ləğv edildi: Azərbaycanlıların gedəcəyi Karib dənizi ölkəsi - [red]Dominikan necə yerdir? – QİYMƏTLƏR - FOTOLAR[/red] | FED.az](/upload/news/small/3054028.jpg)







