Bu gün Bakı şəhərində “Alov qüllələri” kompleksində yerləşən “Fairmont” mehmanxanasında Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilati dəstəyi və dünyanın aparıcı pul çapı, təhlükəsiz kağız və mühafizə elementləri istehsalı şirkətlərinin və mərkəzi bankların iştirakı ilə “Yüksək təhlükəsiz pul çapı” (High Security Printing) mövzusunda beynəlxalq konfrans keçirilir.
Mərkəzi Bankdan FED.az-a verilən məlumata görə, konfrans 3 gün davam edəcək. Konfransın ilk günü pul çapı, təhlükəsiz kağız və mühafizə elementlərinin istehsalı üzrə beynəlxalq şirkətlər tərərfindən iştirakçılar üçün seminarlar təşkil olunacaq, növbəti günlərdə isə mərkəzi banklar və beynəlxalq şirkətlər də daxil olmaqla geniş təqdimatlar keçiriləcək.
Konfransın əsas təşəbbüskarı Böyük Britaniyanın “Reconnaissance International” şirkətidir. Bu şirkət tərəfindən 14 ildir ki, hər il dünyanın müxtəlif regionlarında bu mövzuda konfranslar keçirilir. Cari ildə konfrans Avropa regionu üzrə Azərbaycanda, Amerika regionu üzrə Qvatemalada, Asiya regionu üzrə isə Avstraliyada keçiriləcək.
Azərbaycanda ilk dəfə keçirilən bu konfransda 50-ə yaxın ölkənin pul çapı, təhlükəsizlik kağız və mühafizə elementləri istehsalı şirkətlərindən, beynəlxalq təşkilatlardan, elmi tətqiqat institutlarından və 20-yə yaxın mərkəzi bankdan 300-dək nümayəndə iştirak edir.
Konfransda nağd pul tədavülünün təşkili, ödəniş infrastrukturu, kağız pul nişanlarının, təhlükəsiz kağız substratların və mühafizə elmentlərinin yaradılması, banknot və digər yüksək təhlükəsizlik sənədlərinin çap olunması, bu sahədə yeni innovasiya və texnologiyaların tətbiqi, eləcə də saxtalaşdırmaya qarşı mübarizənin gücləndirilməsi kimi mövzular müzakirə olunacaqdır.
Eyni zamanda, konfransda Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycanda nağd pul tədavülü və nağdsız ödəniş eko-sistemi” və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Azərbaycanda e-Pasportların tətbiqi” mövzularında, eləcə də Beynəlxalq Nağd Pul Assosasiyası, ATM Sənayesi Assosasiyası (Böyük Britaniya), Avropa Mərkəzi Bankı, Türkiyə, Rusiya, Macarıstan, Səudiyə Ərəbistanın mərkəzi banklarının və digər beynəlxalq təşkilatların (İsveçrə, Fransa, Almaniya, Polşa və s. ölkələrdən) təqdimatları nəzərdə tutulur.
Yüksək təhlükəsiz pul çapı mövzusunda beynəlxalq konfrans keçirilir
11:21
27 Mart 2017