Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il noyabrın 1-nə 1 375,6 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının hesabatına görə, oktyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə problemli kreditlərin həcmi 221,7 mln. manat və ya 13,87%, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 132,9 mln. manat və ya 8,81% azalıb.
Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi isə 8,69% təşkil edib. Qeyd edək ki, oktyabrın 1-nə bu göstərici 9,52%, ilin əvvəlində isə 6,94% olub.
Manatla verilən vaxtı keçmiş kreditlər noyabrın 1-nə 632,3 mln. manat təşkil edib ki, bu da oktyabrın 1-nə nisbətən 131 mln. manat və ya 17,16% azdır. İlin əvvəli ilə müqayisədə isə manatla vaxtı keçmiş kreditlər 207,9 mln. manat və ya 24,74% azalıb. Bu kreditlərin manatla məcmu kreditlərdə payı son bir ayda 1,2 faiz bəndi, ilin əvvəlindən 0,21 faiz bəndi azalaraq 7,43%-ə çatıb.
Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin noyabrın 1-nə həcmi oktyabrın 1-nə nəzərən 15,3 mln. manat və ya 8,74% azalaraq 154,7 mln. manat təşkil edib. İlin əvvəlindən isə azalma 113,5 mln. manat və ya 42,32% olub. Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 11,71% təşkil edib. Bir ay əvvəl bu göstərici 12,89%, ilin əvvəlində isə 15,1% olub.
Manatla uzunmüddətli kreditlərdə problemli kreditlərin həcmi isə noyabrın 1-nə 477,6 mln. manat təşkil edib. Bu, oktyabrın 1-nə olan göstəricidən 110,7 mln. manat və ya 18,82% azdır. İlin əvvəli ilə müqayisədə isə manatla uzunmüddətli problemli kreditlər 94,4 mln. manat və ya 16,5% azalma göstərib. Manatla uzunmüddətli kreditlərin strukturunda isə problemli kreditlərin payı noyabrın 1-nə 6,64%, ilin əvvəlinə 6,2%, oktyabrın 1-nə isə 7,85% təşkil edib.
Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi noyabrın 1-nə 743,3 mln. manat təşkil edib. Bu, oktyabrın 1-nə nisbətən 90,7 mln. manat və ya 10,88% azdır, cari ilin əvvəli ilə müqayisədə isə 75 mln. manat və ya 11,22% çoxdur.
Xarici valyutada problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi noyabrın 1-nə 10,17%, oktyabrın əvvəlinə 10,51%, ilin əvvəlinə isə 6,2% olub.
Xarici valyutada vaxtı keçmiş qısamüddətli kreditlərin həcmi noyabrın 1-nə 238,4 mln. manat təşkil edib ki, bu da oktyabrın 1-nə olan göstəricidən 70,7 mln. manat və ya 22,87%, ilin əvvəli ilə müqayisədə isə 66,4 mln. manat və ya 21,78% azdır. Xarici valyutada qısamüddətli kreditlərdə vaxtı keçmiş kreditlərin payı noyabrın 1-nə 11,91% olub. Qeyd edək ki, əvvəlki ayda bu göstərici 13,71%, ilin əvvəlində isə 8,6% təşkil edib.
Xarici valyutada vaxtı keçmiş uzunmüddətli kreditlərin həcmi noyabrın 1-nə 504,9 mln. manat təşkil edib ki, bu da oktyabrın 1-nə olan göstəricidən 20 mln. manat və ya 6,07% azdır. İlin əvvəli ilə müqayisədə isə bu göstərici 141,4 mln. manat və ya 38,9% artıb. Xarici valyutada uzunmüddətli kreditlərdə problemli kreditlərin payı noyabrın 1-nə 9,51%, oktyabrın 1-nə 9,24%, 2016-ci ilin əvvəlinə isə 5% olub.