Türkiyə Böyük Millət Məclisi (TBMM) "Mərkəzi Bankın pul siyasəti iclasları" haqqında qanunu təsdiq edib.
"Bloomberg" agentliyinin yazır ki, qanuna görə, Türkiyə Mərkəzi Bankı (TMB) pul siyasəti iclaslarını əvvəlki kimi ildə 12 dəfə deyil, 8 dəfə keçirəcək. Yəni, iclaslar ay yarımdan bir baş tutacaq.
Bundan başqa, iclaslar TMB sədrinin istəyi ilə keçiriləcək. Yəni, iclaslar növbədənkənar da ola biləcək. Yəni, maliyyə bazarlarında fövqəladə hal yarandığı halda təcili iclas çağırılaraq lazımi tədbirlərin görülməsi ilə bağlı müzakirələr aparılacaq.
"Report"un analitik qrupu hesab edir ki, yeni qanunun qəbul edilməsi maliyyə bazarlarında volatillik rolunu oynaya bilər. Belə ki, hazırda Türkiyənin valyuta bazarında kəskin təlatümlər müşahidə edilir. TMB-nin son iclasının yanvarın 24-də keçirildiyi nəzərə alınarsa, növbəti iclas martın 9-10-da baş tutmalıdır. Amma, valyuta bazarında hər hansı növbəti ciddi dalğalanmanın qarşısını almaq üçün TMB sədri fövqəladə iclas çağıra biləcək.