"Trump Organization" bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda layihələr üzrə lisenziya müqavilələrini dayandırdığını açıqlayıb.
"Bloomberg" saytı yazır ki, bu barədə "Trump Organization" şirkətinin icraçı vitse-prezidenti, baş məsləhətçisi Alan Qarten bildirib.
Qeyd olunur ki, Bu addım Donald Trampın ABŞ prezidenti kimi andiçmə mərasimi ərəfəsində biznes və siyasətinin münaqişə yarada biləcəyi təhlükəsini aradan qaldırmaq istəyiylə bağlıdır.
D.Tramp maraqların münaqişəsinin qarşısını almaq üçün biznesini tərk edəcəyini və onu övladlarına həvalə edəcəyini açıqlamaq məqsədilə yanvar ayında mətbuat konfransı təşkil edəcəyinə söz verib.
"Bloomberg" vurğulayıb ki, D.Trampın 20-dən çox ölkədə əmlakı var və onlara nəzarət ailənin əlində qalsa, bu, həmin ölkələrlə bağlı siyasətə təsir edə bilər.
Xatırladaq ki, 2015-ci ildə Bakıda "Trump Tower" binasının tikintisi tamamlanıb.