ABŞ prezidenti Donald Tramp 2010-cu ildə qəbul olunmuş "Dodd-Frank" qanununa yenidən baxılması barədə sərəncam imzalayıb. Bu qanun maliyyə bazarlarının geniş miqyasda dövlət tənzimlənməsini nəzərdə tutur. Bununla yanaşı, dünən, fevralın 3-də Tramp sərəncamın imzalanması mərasimində "Biz ABŞ maliyyə sisteminin əsas tənzimləmə prinsiplərini dəstəkləyirik" deyib.
Sənədi şərh edən və hazırlayan Konqressin Nümayəndələr Palatasının üzvü En Vaqner (Ann Wagner) bildirib ki, "Biz Amerika xalqına, az və orta gəlirli investorlara, pensiyaçılara özlərinin yığımlarına nəzarət etmək imkanını qaytarırıq". Sənədin Maliyyə Nazirliyi tərəfindən 120 gün ərzində hazırlanaraq prezidentə təqdim ediləcəyi bildirilir.
Xatırladaq ki, "Dodd-Frank" qanunu eks-prezident Barak Obama tərəfindən 2008-ci il maliyyə böhranının nəticələrinin aradan qaldırılması məqsədi ilə imzalanıb. Ağ Ev isə bu qanunun bazarlara maneə yaratdığını, kreditlərə çıxışı azaltdığını, iqtisadi artımı əngəllədiyini və iş yerlərinin açılmasını məhdudlaşdırdığını bəyan edir.