2016-cı ildə tikinti sahəsində muzdla çalışan işçilərin orta siyahı sayı 95,2 min nəfər təşkil etmiş, onların 48,2 min nəfəri binaların tikintisində, 24,0 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23,0 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışmışdır. İşçilərin 27,0 faizi dövlət, 73,0 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olmuşlar.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 18,6 faiz artaraq 813,7 manata çatmışdır. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 927,8 manat, dövlət sektorunda isə 527,0 manat olmuşdur. Əvvəlki illə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində işləyənlərin orta aylıq nominal əmək haqqı 21,6 faiz, binaların tikintisində 14,9 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə 0,9 faiz artmışdır.