Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılova məxsus Antalyadakı "Mardan Palace" oteli kompleksinin satışı ilə bağlı keçirilən tender ləğv edilib.
"Bloomberg" agentliyinin yaydığı məlumata görə, buna səbəb Türkiyənin "Halk Bankası"nın bu tələbdən imtina etməsidir. Xatırladaq ki, otelin banka borcu olduğundan maliyyə təsisatı Antalya Dördüncü İcra Şöbəsinə müraciət edərək kompleksin açıq tenderə çıxarılması barədə vəsatət qaldırıb.
Lakin son anda bankın vəsatətindən imtina etməsi səbəbindən tender ləğv edilib. Buna baxmayaraq, "Garanti Bankası" otelin satışa çıxarılmasında israrlıdır. Otelin bu bankın qarşısında da borc öhdəliyi var. Bu səbəbdən "Garanti Bankası" Antalya Altıncı İcra Şöbəsi qarşısında müvafiq vəsatət qaldırıb. 2015-ci ilin noyabrın 2-də keçirilən tenderə "Halk Bankası" tək qatılıb və 360,050 mln. lirəyə otelin alınması nail olub. Maraqlıdır ki, "Güçlü İnşaat" (otelin bu şirkət qarşısında da borc öhdəliyi var) bu qərarın ləğv olunması üçün məhkəməyə şikayət edib. Məhkəmə isə "Güçlü İnşaat" şirkətinin şikayətini rədd edib.
Maraqlıdır ki, bunun ardınca T. İsmayılova məxsus AST şirkətlər qrupu tenderin nəticəsinin ləğvi üçün məhkəməyə müraciət edib. Bir müddət sürən məhkəmə prosesinin sonunda tenderin nəticələri ləğv olunub.
"Mardan Palace" otelinin icraçı direktoru Çetin Pehlivan bildirib ki, 2016-cı il kompleks üçün "böhran içində böhran" olub: "Bu müddət ərzində biz çətin mübarizə apardıq. Bir il davam edən mübarizə "Mardan Palace" kompleksinin lehinə bitdi. Otelin satışı ilə bağlı keçirilən tenderin nəticələri ləğv edilib".
Onun sözlərinə görə, kompleksin borcunun məbləği kapitalının 7%-nə bərabərdir: "Məhkəmə bunu nəzərə alaraq tenderin nəticələrini ləğv edib. Biz bankları qarşısındakı öhdəliyimizi yerinə yetirmək üçün müxtəlif variantlara üzərində çalışırıq".
"Mardan Palace" 2009-cu ildən etibarən fəaliyyətə başlayıb. Onun tikintisinə 1,4 mlrd. dollar yatırılıb.