Həyata keçirilmiş tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizədək azalıb.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, YAP sədrinin müavini Əli Həsənov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında bağlanmış Kredit Sazişinə əsasən, həyata keçirilən “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi” Layihəsi üzrə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 8 milyon manat vəsait hesabına 32 min nəfərin faydalandığı 63 icma mikrolayihəsi icra edilib. Məcburi köçkünlərin sıx məskunlaşdığı 23 obyektdə əsaslı təmir işləri həyata keçirilib. 2016-cı ildə hər məcburi köçkünə 750 manat vəsait sərf olunub.
Ə.Həsənov qeyd edib ki, indiyədək beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar tərəfindən bu layihələrə 1,4 milyard manat vəsait sərf olunub.
Ə.Həsənov bildirib ki, məcburi köçkünlərin müvəqqəti sıx məskinlaşdığı obyektlərdə infrastrukturun yaxşılaşdırılması məqsədilə Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış kredit sazişi üzrə 610 min nəfərin faydalandığı və dəyəri 85,6 milyon manat təşkil edən 910 mikrolayihə icra edilib. Həmçinin, 11 min məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit verilib. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 13 ildə 2 mindən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit verilib, xeyli əlavə iş yerləri yaradılıb.