Dünya Bankı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası işlərində iştirak etməyə hazırdır.
FED.az xəbər verir ki, bunu bankın Bakı ofisinin rəhbəri Sara Maykl deyib.
“Bu, Prezident İlham Əliyevlə müzakirə etdiyimiz məsələlərdən biri olub. Münaqişələrdən sonra bərpa və inkişafın dəstəklənməsi fəaliyyətimizin əsas sahələrindən biridir. Biz prezidentə bildirdik ki, zərər çəkmiş ərazilərin bərpa olunmasında iştirak etməkdən hökumətlə bu istiqamətdə əməkdaşlıq etməkdən məmnun olarıq”, - deyə o, bildirib.
Maykl qeyd edib ki, Azərbaycan Prezidenti ilə görüşdə əsasən infrastruktur xarakterli məsələlər, həmçinin azad edilmiş torpaqların inteqrasiyası ilə yarana biləcək ticarət imkanları müzakirə olunub.
“Biz bölgədəki ehtiyacları və bir neçə potensial istiqaməti müzakirə etdik. Bunlar əsasən, insanların yaşayışı üçün şəraitin (tibbi xidmətlərə, təhsilə çıxış), yaşayış yerlərinin, iş yerlərinin, sağlam ətraf mühitin yaradılmasına yönəlmiş infrastruktur xarakterli tələbatlar idi. Həmçinin regionda kommunikasiyaların açılmasından sonra yaranacaq yeni ticarət imkanları (həm regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyası, həm də ticarət və logistikanın regional və dünya miqyasında inkişafı, yeni ticarət yollarının yaradılması baxımından) müzakirə olunub. Bunun sayəsində Azərbaycan nəqliyyat mərkəzinə çevrilmək üçün bütün imkanlara malikdir və bu, ölkənin güclü inkişafına xidmət edəcək”, - deyə o əlavə edib. (İnterfaks)