Dünya Bankının (DB) Direktorlar Şurası yaxın üç ay ərzində Azərbaycan üzrə yeni yol layihəsini təsdiq etməyi planlaşdırır. Bunu DB-nin Bakı ofisinin rəhbəri Sara Maykl deyib.
Eləcə də bax: Sara Maykl: “Azərbaycanda bank islahatlarına dəstək verməyə hazırıq”
FED.az xəbər verir ki, "Salyan-Biləsuvar avtomobil yolunun yenidən qurulması layihəsi son hazırlıq mərhələsindədir və növbəti üç ay ərzində DB-nin İdarə Heyəti tərəfindən təsdiq olunacaq", - deyə Maykl bildirib.
Onun sözlərinə görə, layihə yol şəraitinin yaxşılaşdırılması ilə yanaşı, avtomobil yolunun keçdiyi regionun iqtisadi inkişafına da yönəlib.
"Bu, bir növ təkamüldür - Azərbaycanda 25 il ərzində bir neçə nəqliyyat layihələrimiz olub. İndiki layihə də nəqliyyat layihəsidir, lakin o, əsasən regional əlaqələrə fokuslanır. Bundan başqa, vəsaitin bir hissəsindən avtomobil yolunun keçdiyi regionun iqtisadi imkanlarının inkişafı üçün istifadə edilməsi planlaşdırılır", - deyə Maykl qeyd edib.
Xəbər verildiyi kimi, kreditin "Avtomobil yollarının bərpası və iqtisadi imkanların yaradılması" layihəsi çərçivəsində ayrılması planlaşdırılır. Kreditin ümumi məbləği $65 milyon təşkil edəcək.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $3,5 milyard məbləğində kredit ayırıb. (İnterfaks)