Sabah dekabrın 14-də Açıq Bazar üzrə Federal Komitəsinin (FOMC) toplantısı keçiriləcək. Hər hansı surpriz dəyişiklik olmazsa, son 11 ilin ikinci faiz artımı reallaşacaq.
Əslində ABŞ Mərkəz Bankı (Fed) 4 faiz artımı planlaşdırdığı 2016-cı ili tək faiz artımıyla bağlayacaq. Bununla da bir daha bazarlara “dejavu” yaşadacaq. Dünya iqtisadiyyatının önəmli aktyoru hesab edilən FED 2006-cı ildən bu yana sadəcə, bir dəfə (2015-ci ilin dekabr) faiz artımına gedib. Xatırladaq ki, 2015-ci ildə də bu yıl olduğu kimi FOMC-ın iyun, sentyabr aylarındakı toplantılarında faiz artımı ertələnmişdi. Dekabrda faizlər artırılaraq, bazarlar üçün yeni dövrün əsası qoyulur.
Ekspertlərin rəyinə görə, məşğulluqla və inflyasiya ilə bağlı son məlumatlar FED-a “yaşıl işıq” yandırıb. Digər tərəfdən ABŞ-da Donald Trampın prezident seçilməsi bu qərarı qətiləşdirib. Halbuki Trampın qələbəsindən dərhal sonra birjalar itki yaşamışdı, faiz artımı ehtimalı 50 faizə düşmüşdü.
“Moodys Analitics”in direktoru Ryan Sueet bildirib ki, FED-in dekabrda faizləri artırmamaq üçün heç bir səbəbi yoxdur:
“ABŞ iqtisadiyyatı və maliyyə bazarları yaxşı vəziyyətdədir. Faiz artımına yönələn gözləntilər tam istənilən səviyyəyə çatıb. FED-in faiz artımına getməmək üçün heç bir səbəbi yoxdur”.
Sueetin fikrincə, bazarlar faiz qərarına çox təpki verməyəcəklər: “Lakin faizlər artırılmazsa, bu siyasi səhv olar”.
Banker©