Bu il əsas istinad faiz göstəricisi kimi AZİR indeksi təsdiqlənib.
Taleh Kazımov: ARDNF son 3 ayda büdcəyə transfertləri dollarda həyata keçirib
FED.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımovun sözlərinə görə, AZİR indeksi uçot dərəcəsinin ətrafında formalaşır və Mərkəzi Bank tərəfindən idarə olunur.
Sədr qeyd edib ki, iyul ayında uçot dərəcəsi 0,25 faiz bəndi aşağı salınıb və artıq son üç ayda yeni verilmiş kreditlərin və cəlb edilmiş depozitlərin faizlərində azalma müşahidə edilir. Bu azalma müvafiq olaraq 0,8% və 0,6% təşkil edir. “Sözsüz ki, onu da qeyd etməliyəm ilk növbədə müşahidələrin sayı azdır cəmi 3 aydır. Müşahidələrimiz davam edəcəkdir və düşünürük ki, təkcə uçot dərəcəsinin azalması ilə deyil həmçinin də bank sektorunda yüksək struktur likvidliyin mövcud olmasını nəzərə almaq lazımdır” - deyə o əlavə edib.
Hazırda maliyyə sektorunda struktur likvidlik məcburi ehtiyatlar nəzərə alınmadan 2,7 milyard manat səviyyəsindədir. Bu artımın əsas səbəbi kimi Maliyyə Nazirliyinin sərbəst vəsaitlərini mütəmadi olaraq açıq hərraclar vasitəsilə maliyyə sektorunda yerləşdirməsi göstərilib.
Mərkəzi Bank rəhbəri bildirib ki, faiz siyasəti ilə bağlı növbəti qərar 10 dekabrda açıqlanacaq. O vurğulayıb ki, uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılmasının kredit və depozit faizlərinə real təsirini qiymətləndirmək üçün təxminən 6–9 ay vaxt lazımdır. Bununla belə, artıq qiymətli kağızların, o cümlədən Mərkəzi Bankın notları və korporativ istiqrazların faiz dərəcələrində də azalma müşahidə olunur.
Taleh Kazımov həmçinin qeyd edib ki, valyuta bazarında vəziyyət də sabitdir. Onun sözlərinə görə, dövlətin valyuta xərcləri və dövlət hesablarının qalığının artması maliyyə sektorunda kifayət qədər likvidlik yaradıb. “Valyuta bazarıda, daha çox dövlət valyuta xərcləri səbəbindən və həmçinin dövlət hesablarının qalığının artmı hesabına maliyyə sektorunda kifayət likvidlik mövcud olub. Bu ilin aprel ayından həmin likvidlik yenidən iqtisadiyyata qayıdıb və bu da faiz dərəcələrinin düşməsinə təsir edir” - deyə o vurğulayıb.
Sədr əlavə edib ki, Mərkəzi Bank inflyasiyanı müəyyən olunmuş faiz dəhlizi çərçivəsində saxlamaq üçün öz sərəncamında olan bütün alətlərdən istifadə etməkdə davam edəcək.
Xatırladaq ki, 23 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25% bəndi azaldılıb. Uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsinə endirilib. 10 sentyabr 2025-ci il və 22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.