Manatın dayanıqlılığına şübhə yoxdur.
Taleh Kazımov: ARDNF son 3 ayda büdcəyə transfertləri dollarda həyata keçirib
FED.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov ölkənin strateji valyuta ehtiyatlarının dinamikası və manatın sabitliyi barədə məlumat verib.
Sədr bildirib ki, son bir il ərzində Azərbaycanın strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb:
“Azərbaycanın strateji valyuta ehtiyatları il ərzində 14,7% və ya 10,5 milyard dollar artaraq 81,5 milyard dollara çatıb. Bizim strateji ehtiyatlarımız ümumi manat, yəni geniş pul kütləsini 3,7 dəfə üstələyir.”
Taleh Kazımov qeyd edib ki, bu göstəricilər manatın dayanıqlılığı baxımından çox güclü təminat yaradır:
“Manatın dayanıqlılığı baxımından heç kimdə heç bir şübhə olmamalıdır. Avropa Yenidənqurma və İnkişaf bankının (AYİB) manatla istiqrazlar buraxılışı da bunu göstərir ki, onlar da Azərbaycan iqtisadiyyatına, manata inanırlar və Mərkəzi Bank tərəfindən pul siyasəti istiqamətində həyata keçirilən islahatları dəstəkləyirlər ”.
O həmçinin bildirib ki, Mərkəzi Bank bu addımı uzun müddətdir planlaşdırırdı və bu, ölkədə kapital bazarlarının inkişafı istiqamətində aparılan islahatların tərkib hissəsidir:
“Biz bu prosesi artıq 1 il yarımdır ki, planlaşdırırdıq. Bu, kapital bazarlarının inkişafı istiqamətində atdığımız mühüm addımlardan biridir. Daxili tələblərimizi və qaydalarımızı elə formalaşdırdıq ki, beynəlxalq maliyyə institutları artıq Azərbaycan kapital bazarlarında manatla, yəni yerli valyutada öz istiqrazlarını buraxa bilsinlər”.