"Qazaxıstanın Xalq Bankı" SC-nin portfelində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) istiqrazları olub, lakin iki il bundan öncə Azərbaycanın bank sektorunda vəziyyət pisləşdikdən sonra "Halyk Group" (bankın törəməsi) qiymətli kağızları satıb. "Informburo" agentliyinin yaydığı xəbərə görə, bunu bankın İdarə Heyətinin sədri Umut Şayaxmetova bildirib.
"Biz mövqelərimizi hələ 2014-cü ilin sonu - 2015-ci ilin əvvəlində bağladıq və itkiyə məruz qalmadıq. Biz riski gördük. Bizim risk-menecmentimizin siyasəti emissiyanın ümumi həcmindən 15% artığını almağa imkan vermir. Məndə olan məlumata görə, "Vahid Pensiya Yığımı Fondu" SC emissiya olunan qiymətli kağızların 50%-dən çoxunu alıb. Bir bankir və aktivləri idarə edən şəxs kimi bu qədər qiymətli kağızın alışının məqsədi mənə aydın deyil", - deyə bankir qeyd edib.
Onun müavini Yertay Salimov isə deyib ki, "Halyk Group" ABB-nin qiymətli kağızlarına 15 mln. dollar yatırıb. "Lakin biz bu əməliyyatdan gəlirlə çıxa bildik", - deyə o əlavə edib.
Qeyd edək ki, Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC ABB-nin istiqrazlarına 71,3 mlrd. təngə (təxminən 392 mln. manat) yatırıb.
Xatırladaq ki, ABB xarici borcunun restrukturizasiyası ilə bağlı Nyu-York məhkəməsinə müraciət edib. Bankın İdarə Heyətinin sədri Xalid Əhədov bəyan edib ki, öhdəliklərin restrukturizasiyası zamanı kreditorlar ABB-nin aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək.
Ötən gün isə "Fitch" və "Moody`s" beynəlxalq reytinq agentlikləri ABB-nin reytinqinə yenidən baxıb.