"Pro Kredit" bank olmayan kredit təşkilatının (BOKT) qapalı üsulla yerləşdirməyi planlaşdırdığı dollar istiqrazları birbaşa investorlara satılmayacaq. Bu barədə BOKT-un İdarə Heyətinin sədri Ramil Məmmədov bildirib.
Onun sözlərinə görə, qiymətli kağızların hamısını ölkənin investisiya şirkətlərindən biri alacaq. Bundan sonra istiqrazlarla bağlı atılacaq addımları da həmin şirkət müəyyən edəcək.
Bununla belə, R.Məmmədov həmin investisiya şirkətinin adını açıqlamayıb.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Pro Kredit" ASC-nin istiqrazların emissiyası prospektini qeydə alıb. Emissiya hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 300 ədəd adi faizli, təmin edilməmiş istiqrazın buraxılışını nəzərdə tutur. Qiymətli kağızların tədavül müddəti 24 ay, illik gəlirliliyi isə 8%-dir.
Report©