Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin həyata keçirilməsi üçün 190 milyon 950 min manat investisiya tələb olunur.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb.
Sənəddə nəzərdə tutulan tədbirlərin icrası dövlət büdcəsi, büdcədənkənar fondlar, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri, yerli büdcələr, mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri, birbaşa xarici investisiyalar, ölkə bank sisteminin kreditləri və qrantlar, beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə yardımları, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək.
Strateji Yol Xəritəsində qeyd edilib ki, maliyyə vəsaitinin müəyyən edilən strateji hədəflər üçün ən səmərəli şəkildə sərf olunmasını təmin etmək məqsədilə büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaq. Tələb olunan maliyyə vəsaitinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcək.