"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) istiqrazları üzrə gəlirlilik ötən gün kəskin azalma nümayiş etdirdikdən sonra bu gün bir qədər reabilitasiya olunub.
"Bloomberg" agentliyi xəbər verir ki, mayın 10-da ABB subordinasiya olunmuş kreditin əsas və faiz borcu üzrə 100 mln. dollarlıq ödənişi yerinə yetirə bilməyib. Bundan sonra ödənişləri 2019-cu ildə nəzərdə tutulan 500 mln. dollar məbləğində istiqrazların dəyəri 16% azalıb. Nəticədə istiqrazlar üzrə gəlirlilik 14,806%-ə çatıb.
Bu gün isə istiqrazların gəlirliliyi 57 baza bəndi artıb. Artıma dövlət bankının sağlamlaşdırılmasının ikinci mərhələsinə keçilməsi ilə bağlı bəyanat səbəb olub.
"ING Groep NV" şirkətinin baş kredit analitiki Yeqor Fyodorov bildirir ki, Azərbaycan hökuməti beynəlxalq investorlar qarşı bir çox addım atıb: "Nəhayət ki, hökumət investorlar üçün daha əlverişli, "ağrısız" istiqraz təklif edə bildi".
Onun sözlərinə görə, "ən pis halda borcun restrukturizasiyası riski iştahasını artıracaq".
Xatırladaq ki, ötən gün ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirlərinin növbəti mərhələsinə keçid elan olunub.
Bankın bəyanatında deyilir ki, indiyədək görülən tədbirlər dövlət tərəfindən ABB-nin problemli aktivlərinin dəyəri ödənilməklə alınması, ona likvidlik dəstəyinin göstərilməsi və kapital itkilərinin bərpasını əhatə edib. Artıq ABB-nin 9,93 mlrd. manat dəyərində toksik aktivi dövlət tərəfindən alınıb, likvidlik dəstəyinin göstərilməsi üçün banka 1,3 mlrd. dollar və 70 mln. manat həcmində depozit yerləşdirilib. Bundan əlavə, bankın kapital mövqeyinin dəstəklənməsi üçün 2017-ci ilin yanvar ayı ərzində onun əsas səhmdarı olan dövlət tərəfindən bankda yerləşdirilmiş depozitlərin 600 mln. manat hissəsi kapitalın artırılmasına yönəldilib.
Tədbirlər bankın kapital və likvidlik mövqeyini gücləndirsə də bankın yüksək faiz ödənişləri, manatın əsas xarici valyutalara qarşı devalvasiyası, toksik aktivlərin dövlət tərəfindən satınalma prosesinin başa çatmaması ABB-ni əlavə itkilərə məruz qoyub. Nəticədə 2016-cı ilin yekunlarına görə, beynəlxalq maliyyə hesabatları üzrə Beynəlxalq Bank Qrupunun (bankın törəmə təşkilatları da daxil olmaqla) 1,9 mlrd. manat, ABB-nin özünün isə 1,74 mlrd. manat məbləğində zərərinin açıqlanması gözlənilir.
Sağlamlaşdırma prosesinin növbəti mərhələsi olaraq öhdəliklərin könüllü restrukturizasiyası nəzərdə tutulur. Öhdəliklərin könüllü restrukturizasiyası çərçivəsində “Banklar haqqında” qanuna müvafiq qaydada müəyyən maliyyə institutlarından cəlb olunmuş xarici valyutada borcların birbaşa dövlətə ötürülməsi planlaşdırılır.
Öhdəliklərin könüllü restrukturizasiya planı bank qanunvericiliyinə müvafiq qaydada Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılıb və restrukturizasiya prosesinin başlanılması barədə Nəsimi rayon məhkəməsi tərəfindən 4 May 2017-ci il tarixində qərar qəbul edilib. Restrukturizasiya planının xarici kreditorların yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrası dayandırılır.
Azərbaycan Beynəlxalq Bankının bütün digər öhdəlikləri, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatları cari rejimdə davam edəcək.
Bu tədbirlərin həyata keçirilməsi nəticəsində ABB-nin xarici valyuta mövqeyi tənzimlənəcək, maliyyə vəziyyəti güclənəcək və gəlir generasiya etmə qabiliyyəti bərpa olunacaq. Həmçinin, bankın kapital mövqeyi requlyativ çərçivəyə qayıdacaq.
“Azərbaycan Beynəlxalq Bankının maliyyə və kapital mövqeyinin zəifləməsi ilə bağlı narahatlıq mövcuddur. ABB-nin maliyyə dayanıqlığının bərpa edilməsi Azərbaycan iqtisadiyyatı üçün önəmli olan maliyyə xidmətlərinin göstərilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bank tərəfindən hal-hazırda görülən tədbirlər maliyyə sabitliyinin təmin edilməsi üçün əhəmiyyətli addımdır və bu tədbirlər Maliyyə Nazirliyi tərəfindən tam şəkildə dəstəklənir. Maliyyə Nazirliyi ümid edir ki, ABB-nin xarici valyutada olan kreditorları təklif olunan restrukturizasiya planını dəstəkləyəcək. Dövlət bank üçün böyük addım atır və faktiki olaraq dövlət borcunun artırılması hesabına ABB-nin borclarını qəbul edir. Eyni zamanda, Maliyyə Nazirliyi qeyd edir ki, ABB-nin əmanətçiləri təklif olunan restrukturizasiya planından təsirlənməyəcək və bankın bütün xidmət və əməliyyatları eyni qaydada davam etdiriləcək”, - deyə maliyyə naziri Samir Şərifov bildirib.
ABB-nin sağlamlaşdırılma prosesi Maliyyə Bazarlarına Nəzarət Palatasının ardıcıl nəzarəti altında həyata keçirilir.
Bütün bu tədbirlərin nəticəsində ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq.
Maliyyə Nazirliyinin açıqlamasında isə deyilir ki, bu mərhələdə ölkənin ən böyük və sistem əhəmiyyətli bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində vacib rolu olan ABB-nin dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş öhdəliklərinin bir hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi nəzərdə tutulur. Qurum bəyan edib ki, bununla əlaqədar bank tərəfindən xarici kreditorlar qarşısında xarici valyutada olan öhdəliklərinin Maliyyə Nazirliyinə ötürülməsinə dair restrukturizasiya proqramı hazırlanıb. Təklif olunan restrukturizasiya proqramı bankın cəlb edilmiş borc səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verməklə ABB-nin sağlamlaşdırılması üzrə həyata keçirilən tədbirlərə əlavə təkan olacaq, bankın etibarlılığının, uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunmasına və gələcəkdə özəlləşdirilməsinin asanlaşdırılmasına müsbət töhfə verəcək.
Maliyyə Nazirliyi bəyan edir ki, atılacaq restrukturizasiya addımları, kreditorlar qarşısında ABB-nin öhdəliklərinin dövlət öhdəliklərlə əvəz edilməsi (bu məqsədlə kreditorların xeyrinə xarici valyutada dövlət istiqrazlarının verilməsi nəzərdə tutulur) planına Azərbaycan hökuməti tərəfindən razılıq verilməsi ABB-nin sağlamlaşdırılmasına yönəlmiş vacib addımlar olmaqla yanaşı, bankın kreditorlarına əlavə əminlik və dəstək verilməsinə hesablanıb.
Müxtəlif ölkələrdə, o cümlədən ABŞ, Böyük Britaniya, İrlandiya və digər dövlətlərdə də bank sektoruna dəstək məqsədilə tətbiq olunmuş bu təcrübə bankın ümumi kapitala nisbətdə borc səviyyəsinin azaldılmasını, maliyyə durumunun sağlamlaşdırılmasını, fəaliyyətinin səmərəliliyinin artırılmasını, ölkə iqtisadiyyatını dəstəkləyən güclü maliyyə institutuna çevrilməsini təmin edəcək.
Bəyan edilən addımlar ABB-nin bütün digər öhdəlikləri üzrə, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada əmanətləri və bank hesabları üzrə əməliyyatları cari rejimdə davam edəcək. Bu öhdəliklərin icrası üçün bank yetərli həcmdə sərbəst maliyyə vəsaitlərinə malikdir.