Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitədən FED.az-a verilən məlumata görə, hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisələri və istifadəsiz qeyri yaşayış sahəsi paytaxtda və respublikanın digər regionlarında yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gədəbəy şəhərində yerləşən “Xəstəxana binasının yarımçıq tikilisi” olub. Bu əmlak 70 min manata özəlləşdirilib. Özəlləşdirilmiş 3 istifadəsiz qeyri-yaşayış obyektinin 1-i paytaxtın Nərimanov rayonunda, 2-si isə müvafiq olaraq regionlarda Gəncə şəhəri və Mingəçevir şəhərində yerləşir.
Hərracda özəlləşdirilmiş 5 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur. Portalda nəinki nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətləri barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələri və fotolarla tanış olmaq mümkündür.
Qeyd edək ki, privatization.az portalında hərraca çıxarılan hər bir əmlakın coğrafi yerləşməsi, vəziyyəti barədə fotoşəkillər və digər zəruri informasiyalarla tanış olmaq mümkündür. Hərracların elanı, gedişatı və nəticələri barədə aktiv ictimai məlumatlandırma komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və yeni yaradılmış “Privatization.az” səhifəsi vasitəsilə həyata keçirilir. “Privatization.az” facebook səhifəsi sosial şəbəkə vasitəsilə izləyiciləri məhz hərraclar barədə intensiv məlumatlandırmaq üçün yaradılıb. Səhifədə hər bir hərrac tarixi üçün özəlləşdirilməyə çıxarılan kiçik müəssisə, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsi barədə detallı paylaşımlar edilir və əmlaka sifariş qaydası göstərilir.
Komitə tərəfindən növbəti hərrac martın 28-də keçiriləcək. Hərraca çıxarılan 144 əmlakdan 40-ı səhmdar cəmiyyəti, 77-i kiçik dövlət müəssisə və obyekti və 27-si nəqliyyat vasitəsidir.