Mobil Şərifov: Cənab Xamazanın müsahibəsində göstərdiyi ilk "zərf maaşları" “Nikoyl Bank”da onun sədrliyi dövründə verilməyə başlayıb.
“Nikoyl Bank”ın keçmiş İdarə Heyətinin sədri Mobil Şərifov, Bankın bir başqa keçmiş İdarə Heyətinin sədri Vasili Xamazanın Azərbaycanın bank sektorunda və məhkəmələrdəki vəziyyət, burada qarşılaşdığı problemlər və ölkədən getməsinin səbəbləri barədə Rusiya mətbuatına verdiyi müsahibəsinə (Keçmiş bankir şantaj edir – "ƏLİMDƏ SİYAHI VAR") münasibət bildirib.
FED.az xəbər verir ki, Mobil Şərifov, “Bu şəxsdən öncə həmin bankın idarə heyətinin sədri olduğum üçün yazıya biganə qala bilmədim” qeyd edərək bildirib:
“Vasiliy Xamaza Azərbaycana gələn zaman ölkənin Bank sisteminin ən şəffaf və innovativ banklardan birinə sədr təyin edilmişdi. Heç kəs deyə bilməz ki, 2005-ci ilədək həmin bankda hər hansı iş üçün və yaxud kredit almaq üçün rüşvət vermişdir. “Nikoyl Bank”ın gənc, təşəbbüskar və enerjili komandası o zamankı maliyyə bazarımızda bir çox ilklərə imza atmışdır və qısa zamanda, demək olar ki, bütün göstəricilərinə görə birinci 10-luğa daxil idi. Xüsusi qeyd edilməlidir ki, 2001-ci ildə biizm tərəfimizdən "Ülpər" adlı bank qəbul ediləndə (“Nikoyl Bank”ın əvvəlki adı) bu bankın heç bir proseduru, reytinqi və imici yox idi. Bank nəyinki beynəlxalq ödənişlər üçün vacib olan SWIFT sisteminə qoşulmamışdı, hətta yerli ödənişləri etmək üçün likvidliyi çatmırdı. Eyni zamanda 6-7 işçisinin əmək haqqını belə ödəmək qabiliyyətində deyildi və həmin dövrə 3 aylıq əmək haqqı borcu yığılıb qalmışdı.
ELƏCƏ DƏ BAX: Borca görə həbs etmək vacib deyil – KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏN AÇIQLAMA
Plastik kart biznesindən ümumiyyətlə söhbət belə gedə bilməzdi, əmanətlərin məbləği sıfıra bərabər idi. Ən maraqlısı isə bu idi ki, bankın o dövrki Rusiyadan olan səhmdarlarının bu layihəyə marağı və etibarı tam itirilmişdi və 2005-ci ilədək banka heç bir sərmayə yönəlməmişdi. Bu dövrdə yerli bazarda aktiv marketinq tədbirləri nəticəsində əhalidən əmanətlər cəlb edilmiş və bank qısa müddətdə bu göstəriciyə görə banklar sırasında birinci beşlik sırasına qalxmışdır. Cənab Xamazanın müsahibəsində göstərdiyi ilk "zərf maaşları" “Nikoyl Bank”da onun sədrliyi dövründə verilməyə başlayıb. 2005-ci ilədək bütün maaşlar rəsmi və kifayət qədər yüksək olmuşdur. Bankda çalışan hər bir əməkdaş bundan qürur duyurdu. Bank həmin dövrdə bir çox tutarlı sosial yönümlü layihələrə müəlliflik etmişdir. Tələbəlik illəri həmin illərə düşən bir sıra tələbələr də “Nikoyl Bank”ın xüsusi təqaüdlərindən faydalandıqlarını bu gün məmnuniyyət hissi ilə xatırlayırlar.
ELƏCƏ DƏ BAX: Bankir: “Əsas problemimiz qanunlardakı boşluq və vəkillərdir”
Vasiliy Xamazanın sədrliyinin ilk addımları bankın keçmiş rəhbərliyinə qarşı qarayaxma fəaliyyətindən başlamışdır və Azərbaycanda fəaliyyət göstərən bütün (!) nəzarət və hüquq mühafizə orqanlarına onun imzası ilə rəsmi müraciətlər daxil olmuşdur. Təbii ki, aparılmış yoxlamalar heç bir qanun pozuntusu aşkar etməmişdir. Bu detalları gətirməklə qətiyyətlə qisasçılıq və yaxud keçmiş dövrün təftişindən tam kənar olaraq bu insanın xarakterində olan həyasızlıq və qarayaxma sindromuna diqqət yetirmək istəyirəm.
Vasiliy Xamaza bütün Azərbaycan qurumlarını, o cümlədən məhkəmə və s. orqanlarını rüşvətxor adlandırır və onları faktiki olaraq cinayət əməllərində ittiham edir. Bu azmış kimi açıq aşkar şantaja keçərək hansısa xülya rüşvət siyahısından dəm vurur.
ELƏCƏ DƏ BAX: Bank sədri: «Ziyanımıza olsa da bunu etdik» - MÜSAHİBƏ
Cənab Xamaza öz yazısında qeyd etməyi unudub ki, 2005-ci ildə o sədr təyin olunan zaman “Nikoyl Bank”ın kredit portfeli tam işlək vəziyyətdə olmuş və portfeldə ümidsiz kredit olmamışdır. Vasiliy Xamazanın sədrliyi dövründə isə bu göstərici on milyon dollarla ölçülməyə başlayıb. Səbəb? Səbəb çox sadə və banaldır: kreditlərin verilməsində şəxsi maraqların korporativ maraqlardan daha üstün olması. İntriqa ustalığı ilə seçilən Vasiliy Viktoroviç hətta beynəlxalq biznes aləmində öz möhürlərini vurmuş tanınmış həmyerlilərimizi də qarşı-qarşıya qoyduğunu müsahibəsində özü dilə gətirir. Adam banka 500 min pul yatızdırdığını vurğulayır, amma onu tanıyanlar bilir ki, Azərbaycana gəldikdə nəyinki 5 min, heç 500 manat əmanət qoymaq imkanı olmayıb. Burada, xaricdən gələn "dahi mütəxəssisləri" hədsiz hörmətlə və özümüzdən üstün dəyərləndirməyimiz xüsusi vurğulanmalıdır və yəqin ki, millət olaraq həddən artıq tolerantlığımız və qonaqpərvərliyimiz burada xüsusi və mənfi rol oynayır. Bankçılıqdan, risk idarə edilməsindən, menecmentdən anlayışı olmayan birisinin böyük banka rəhbər gətirilməsi təəssüf hissi doğurur. Cənab Xamazanın ölkəmizin biznes mühitini təhlil etmək və hətta siyasi qiymət vermək cəhdləri təbəssümdən başqa bir hiss yaratmaq iqtidarında deyil. Bu cür halları elimizin ağsaqqalları illərin süzgəcindən keçmiş misal ilə tam qiymətləndiriblər: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”.
Müsbət hal kimi vurğulanacaq amil isə bu gün səhmdarın bankın normal fəaliyyətini bərpa etmək əzmi və bank rəhbərliyinə adekvat menecmentin gətirilməsidir”.
ELƏCƏ DƏ BAX: "Bank Standard"ın ləğv planı təsdiq olunmayıb
@Marja