Azərbaycanın bank sektoru 2-3 il əvvəl yaşadığı şok və onun nəticələrindən özlərinə gəlməyə başlayıb. FED.az xəbər verir ki, ötən problemlərin təsirlərinin hələ də ciddi hiss olunduğu banklardan biri «Bank of Baku»dur. Bankın idarə heyətinin sədri Eldar Həmidov «Bank of Baku»dakı vəziyyət, bankın kapital problemi, problemli kreditlər məsələsinin həlli ilə bağlı görülən işlər və planları ilə bağlı FED.az-ın suallarını cavablandırıb.
Eləcə də bax: «Hökmən 1,7 manatla ödəməlisən» prinsipinə getmirik» – BANK RƏHBƏRİ
- Eldar müəllim, «Bank of Baku» ölkə bankları arasında kapital tələbini yerinə yetirməyən (50 milyon manatlıq kapital tələbinə qarşı 39 milyon kapitalı var – FED.az) bir neçə bankdan biridir. Bu vəziyyət nə vaxtadək belə davam edəcək, kapitalı artırmaq planınız varmı?
- Əlbəttə, artıq ilin sonunda bu proses başa çatacaq, kapialımızı artıracağıq və bu tələb olunan hzəddən yuxarıda olacaq.
- Yəni gələn ildən kapital problemi həll olunacaq?
- Bəli elədir. Üstəlik, biz 2019-cu ildə qazanacağımız mənfəəti də kapitala yönəltməyi planlaşdırırıq.
- Eldar müəllim, «Bank of Baku»nun böyük məbləğdə problemli borcları da var. Bəs bu məsələni necə həll edirsiniz?
- Bəli, problemli kreditlərlə bağlı problemlər var. Bildiyiniz kimi, bu məsələ geniş müzakirə edilir, hətta Milli Məclisdə deputatlar tərəfindən də qaldırıldı. Biz də bank olaraq bu sahədə çoxlu proqramlar hazırladıq, restrukturizasiya və endirim kampaniyası keçirdik. Yəni bu gün dolların məzənnəsi 1,7 manat olsa da, bu gün gəlib borcunu tam bağlayan, kreditini dolların 1,1 manat məzənnəsi ilə ödəyir. Dərhal ödəyə bilməyənlər, yəni hissə-hissə ödəyənlər üçün də başqa güzəştli şərtlərlə edirik.
Yəni problemli kreditlərin heç birini 1,7 manat məzənnə ilə yığmırıq. Və bu üsulla problemli kreditləri həll edirik.
- Belə çıxır, borcluların vəziyyətini nəzərə aldınız?
- Bəli, biz bu məsələdə əhalini başa düşürük, bu markroiqtisadi şok hamını vurdu. Sağ olsunlar bizim bankın səhmarları, onların yanaşması da oldu, onlar Palatanın (Maliyyə Bazarlarına Nəzarət Palatasının – FED.az), Mərkəzi Bankın müraciətlərini və ümumiyyətlə ictimaiyyətin fikrini nəzərə alaraq biz bankın ziyanına olsa da buna getdik.
- Bəs müştərilər, borclular bu imkanı qiymətləndirdilər? Yəni aşağı məzənnə ilə kreditləri qaytarmağa başladılar?
- Bəli insanlar da bizi başa düşdülər, müştərilər anladı ki, «Bank of Baku»nun məqsədi onları incitmək, «krediti hökmən 1,7 manatla bağlamalısan» deyə prinspə getmək deyil, sadəcə olaraq konsensusa gəlib, vəziyyəti başa düşüb, vaxtı keçmiş borcları bağlamaqdır.
Və bunun sayəsində «Bank of Baku» kapitalizasiya prboleminin bir çox hissəsini həll edib.
- Bu üsulla nə qədər kredit toplaya bildiniz?
- 2018-ci il ərzində problemli kreditlərin yığımı 20 milyon manatdan artıq olub. Bu il biz 20-25 milyon manat problemli kredit toplamışıq.
- Amma yenə də problemli borclarınız böyükdür (1 oktyabr tarixinə «Bank of Baku»nun 136,6 milyon manat problemli krediti var – FED.az).
- Doğrudur, müəyyən qədər qalıb. Bildiyiniz kimi, «Bank Of Baku» tarixən riteyl bank olduğu üçün və depozitlər də dollarla cəlb olunduğu üçün kreditlərin də bir hissəsi dollarla verilib. Təbii ki, makroiqtisadi şokdan, devalvasiyadan sonra kreditlərin qaytarılmasında sıxıntılar oldu, bu da öz növbəsində bankın kapitalizasiyasına təsir etdi.
- Kapitalınız kəskin azalmışdı…
- Bəli, baxmayaraq ki, devalvasiyadan əvvəl bizim kapitalımız 100 milyon manatdın yüksək idi (2014-cü ilin sonunda 128,3 milyon manat idi – FED.az), bu il oktyabrın sonuna 31 milyon manat təşkil edir. Təbii ki, bu hadisələr kapitalı «yedi».
- Belə çıxır ki, siz problemli kreditləri topladıqca, ehtiyatlar da azad olur və mənfəətə əlavə olunaraq kapitalın artırılmasına yönəlir?
- Bəli, kapitalın artırılmasında bu mənbə də istifadə edilir. Amma eyni zamanda səhmarlar da bu prosesdə iştirak edərək müəyyən addımlar atacaqlar və bu proses ilin sonunadək başa çatacaq. Yəni həm problemli borcların yığılması, həm də səhmdarların hesabına kapital artırılır.
- Səhmdarların sırasında dəyişiklik olmayıb ki?
- Xeyr olmayıb, indiki səhmdarlardır, və struktur da olduğu kimi qalıb (yəni paylar dəyişməyib – FED.az).
- Belə çıxır ki, bu məsələdə banka dövlət tərəfindən də şərait yaradıldı?
- Bəli təbii ki, şərait yaradıldı ki, banklar özü özlərini bərpa etsinlər, işlərini qursunlar və bu müsbət trendi görəndən sonra, təbii ki dövlətin tənzimləyici qurumları - həm Palata, həm də Mərkəzi Bank bu sahədə bizə dəstək oldular. Həm vaxt verildi, həm də şərait yaratdı və biz də işimizi görə bildik.
- İndiki tədbirdə rəqəmsallaşma və onun faydaları haqqında danışılır. Sizin buna münasibətiniz necədir?
- Bank olaraq bizim əsas funksiyamız və rolumuz odur ki, insanlara bu rəqəmsallaşmanın üstünlüklərini izah edək. İndiyədək görürük ki, bəzi kommunal ödənişlər, hələ də poçt qurumları ilə, və «kəş in» aparatı ilə aparılır. Halbuki vaxt itirmədən kart vasitəsilə kommunal ödənişləri evdən belə çıxmadan rahat ödəmək olar. Bəziləri hətta kartındakı pulu bankomatdan çıxararaq, gəlib mağazada nağd ödəyirlər. Bu nə deməkdir, o deməkdir ki, insanlar hələ də bunun rahatlığını hiss etməyiblər. Bizim işimiz bunu təşviq eməkdir və bu da hamımızın xeyrinədir.
- «Bank Of Baku»da rəqəmsallaşma onun filiallarına ehtiyac azaltmayacaq və filialların işinə mənfi təsir etməyəcək ki?
- Ümumiyyətlə, rəqəmsallaşma ilə bağlı digər ölkələrin təcrübəsinə baxdıqda, filiallara əvvəlki ehtiyac qalmayacaq, təbii ki. Filiallar azaldıqca, bu o demək deyil ki, biz orada çalışanları işsiz qoyacağıq, onlar «arxa ofis» və dəstək bölmələrimizə keçəcəklər, biz də filiallarımızın artıq artıq əməliyat xərcləri, saxlanması xərclərini azaldıb, komission gəlirlərimizi artıracağıq.
Xarici bank sistemində qazancın 50%-dən çoxu komission gəlirdən daxil olur, bizim bank sisteminə baxanda isə, gəlirlərin 80-85%-i gəlir, qalanı komissiondur. Bu da düzgün deyil.
- Bir neçə il əvvəl dövlət başçısı bankları real sektora kredit ayırmağa çağırmışdı. «Bank Of Baku» kredit portfelində istehlak kreditlərinin çox böyük olduğu banklardandır. Sizin real sektora vəsait ayrılması ilə bağlı planlarınız necədir?
- Ümumiyyətlə, Bank of Baku-nun tarixi və strukturu riteyl, yəni istehlak kreditlərinin verilməsi üzərində qurulub. Eyni zamanda bizim kiçik və orta sahibkarların kreditləşməsi ilə bağlı daim təşviqi proqramlar və yüngülləşdirici şərtlərimiz mövcuddur. İndi biz mikrokreditlərin verilməsində yüngül şərtlər tətbiq etməyi planlaşdırırıq. Yəni real sektora vəsait ayrılması artırılacaq.