2016-cı il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 9 410,2 milyon manat, büdcə xərcləri isə 9 022,1 milyon manat təşkil edib.
Fonddan verilən məlumata görə, 2016-cı il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 341,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 8 320,0 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 18,0 milyon manat və akrhesabı ödənişlər 3,3 milyon manat təşkil edib. Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 068,8 milyon manata bərabər olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 5 705,7 milyon manat təşkil edib. 2016-cı il ərzində ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 7 615,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 90,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 66,2 milyon manat vəsait ayrılıb.
31,6 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 797,4 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə isə 331,8 milyon manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 20,1 milyon manat təşkil edib.
2017-ci il yanvarın 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon ABŞ dolları) nisbətən 1,27% azalaraq 33 147 milyon ABŞ dollarına bərabər olub. Gəlirlərin xərcləri üstələməsinə baxmayaraq Fondun aktivlərinin azalmasının səbəbi Avro, İngilis funt sterlinqi, Türk lirəsi və Çin yuanı kimi valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olub.