Azərbaycan Hesablama Palatası Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində maliyyə pozuntusu və nöqsanlar aşkarlayıb. Milli Məclisdən verilən məlumata görə, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda açıqlanıb.
Bildirilir ki, hesabat ilində aparılmış auditin nəticəsinə görə, hesabat ilində nazirliyin fəaliyyətində 27 hal üzrə maliyyə nöqsanı aşkarlanıb. Bunlardan 7-si (ümumi qurumlar üzrə 1,3 %-i) büdcə qanunvericiliyinin tələblərinə görə nöqsanlar, 4-ü (ümumi qurumlar üzrə 8,2%-i) əsaslı qoyuluşlar (tikinti) üzrə qanunvericiliyin tələblərinə görə nöqsanlar, 1-i (ümumi qurumlar üzrə 1,1 %-i) dövlət əmlakı ilə bağlı qanunvericiliyin tələblərinə görə nöqsanlar, 9-u (ümumi qurumlar üzrə 15,1 %-i) dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələblərinə görə nöqsanlar, 1-i (ümumi qurumlar üzrə 0,8 %-i) büdcə gəlirlərinin hesablanması, yığılması və ödənilməsi üzrə qanunvericiliyin tələblərinə görə nöqsanlar, 5-i (ümumi qurumlar üzrə 73,5 %-i) mühasibat uçotu və hesabatlılıq ilə bağlı qanunvericiliyin tələblərinə görə nöqsanlardır.
Palata tərəfindən görülən tədbirlər nəticəsində qeyd olunan nöqsanlarla bağlı maliyyə pozuntusundan 218 285,1 manat bərpa edilib. 4 nəfər ciddi xəbərdarlıq, 3 nəfərə isə xəbərdarlıq verilib.
Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.