Pensiya sistemində islahatlar konsepsiyasına uyğun olaraq, əmək pensiyalarına əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Bu məsələ bu il fevralın 3-də Milli Məclisin komitəsində nəzərdən keçiriləcək.
Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazir pensiya sisteminin tamamilə sığortalanma sisteminə keçəcəyini qeyd edib. Başqa sözlə, pensiyanın baza hissəsi anlayışı tam ləğv ediləcək: "Pensiyalar sırf fərdi hesablarda toplanmış vəsait əsasında təyin olunacaq".
Eyni zamanda, islahatlar pensiya yaşının artırılması, eləcə də staj üzrə məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur.
"Pensiya minimumunun yeni elementini qanuniləşdiririk. Fərdi hesaba toplanan məbləğin 144-ə bölünməsi nəticəsində alınmış rəqəm pensiyanın minimum həddindən artıq olarsa, həmin şəxsə iş stajından asılı olmayaraq, pensiya veriləcək. Yox, alınmış rəqəm minimumdan azdırsa, şəxsin iş stajı nəzərə alınacaq. Şəxs 25 illik staja malikdirsə, ona avtomatik olaraq, pensiya veriləcək" - nazir bildirib.