“Nağd qaydada xərclərin çəkilməsinə məhdudiyyətin qoyulması və pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vətəndaşlara deyil, yalnız vergi ödəyicilərinə münasibətdə tətbiq olunacaq”.
Bunu Milli Məclisin plenar islasında Vergilər naziri Fazil Məmmədov bildirib.
Onun sözlərinə görə, bu dəyişiklik sahibkarlarla bağlıdır.
Qeyd edək ki, “Nağdsız hesablaşmalar haqqında” qanun layihəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Qanun layihəsinə əsasən, vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin verilməsi, "Sığorta fəaliyyəti haqqında" və "İcbari sığorta haqqında" qanunlarla müəyyən edilmiş ödənişlər, dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar, əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları, o cümlədən işəgötürən tərəfindən ödənilən qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar, stasionar telefon xidmətləri və kommunal xərclərin ödənilməsi, faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla) və digər ayırmaların ödənilməsi və qaytarılması, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi), təhsil haqlarının ödənilməsi, turizm agentliklərinə ödəmələr yalnız nağdsız qaydada aparılmalıdır.
Bu qanunun tələblərinin pozulmasına görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə aparılan əməliyyatların 10%-i, ikinci dəfə yol verdikdə 20%-i, üç və daha çox dəfə yol verdikdə 40% miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı Vergi Məcəlləsinə müvafiq maddə daxil edilib.
Qeyd edək ki, qanun layihəsi səsə qoyularaq qəbul edilib.