Bu gün İranın Ərdəbil vilayətinin Səreyn şəhərində İran-Azərbaycan biznes forumu keçirilib.
Forumda İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan birgə İqtisadi Komissiyanın həmsədri Mahmud Vaezi və Azərbaycanın iqtisadiyyat naziri, komissiyanın həmsədri Şahin Mustafayev, həmçinin iki ölkənin digər yüksək vəzifəli şəxsləri, iş adamları iştirak ediblər.
İkitərəfli əməkdaşlıq, münasibətlərin genişləndirilməsi imkanları, iki ölkə arasında birgə iqtisadi əməkdaşlığın artırılması yollarının müzakirə edilməsi və iki tərəfdən olan sahibkarlar arasında iqtisadi əməkdaşlığın sadələşdirilməsi forumun gündəliyinə daxil olan məsələlərdəndir.
Tədbirdə çıxış edən iranlı nazir qeyd edib ki, İranla Azərbaycanı mədəni, dini və tarixi əlaqələr birləşdirir və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün bu üstünlükdən istifadə etmək lazımdır.
M. Vaezi qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsinin həcmi ilbəil artmaqdadır: "Son statistikaya əsasən, ticarət dövriyyəmiz 70% artıb".
Nazir İranla Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını qeyd edib.
Onun sözlərinə görə, hər iki ölkənin rəhbərliyi ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsində əsas prioritet kimi qeyri-neft sektorunu seçib: "İki ölkənin investorları da öz fəaliyyətlərini bu prinsip əsasında qurmalıdırlar".
Ş. Mustafayev isə forumda çıxışı zamanı ticarət dövriyyəsinin həcminin artmasının qlobal böhran şəraitində baş verməsinə xüsusi diqqət yetirib. Nazirin sözlərinə görə, Azərbaycanda 538 İran şirkəti fəaliyyət göstərir: "Həmin şirkətlərin yatırdığı investisiyaların əhəmiyyətli dərəcədə böyük olmasına baxmayaraq, onun böyük hissəsi neft sektorunun payına düşür. İran şirkətləri Azərbaycanın qeyri-neft sektoruna 150 milyon dollar məbləğində investisiya yatırıb".
İranlı həmkarının fikirlərini dəstəkləyən nazir qeyd edib ki, iki ölkənin iş adamları investisiya yatırımlarında qeyri-neft sektoruna üstünlük verməlidirlər. Ş. Mustafayev bildirib ki, Azərbaycan tərəfi birgə müəssisələrin yaradılmasını dəstəkləyir.
Forum çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti ilə Ərdəbil Vilayəti Ticarət Palatası arasında ikitərəfli iqtisadi əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.