Azərbaycan şirkətləri Türkiyəyə 9 mlrd. ABŞ dolları, Gürcüstana 3,4 mlrd. ABŞ dolları investisiya yatırıb. FED.az "İnterfax" agntliyinə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 3 minə yaxın, Türkiyədə isə Azərbaycan investisiyalı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları 11 mlrd. ABŞ dolları, Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə 9 mlrd. ABŞ dollarıdır”, - deyə nazir İstanbulda 5-ci Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunda bildirib.
Onun sözlərinə görə, SOCAR-ın Türkiyəyə investisiyalarının həcmi 2020-ci ilədək 17 mlrd. dollara çatacaq.
Ş.Mustafayev əlavə edib ki, Gürcüstanda Azərbaycan sərmayələri əsasında 200-dən çox şirkət, Azərbaycanda isə 270-dən artıq gürcü şirkəti fəaliyyət göstərir. İndiyədək Azərbaycan Gürcüstana 3,4 mlrd. ABŞ dolları, Gürcüstan isə Azərbaycanın qeyri-neft sektoruna 76 mln. ABŞ dolları investisiya yatırıb.
Nazir ölkələrimizin nəqliyyat, investisiya, sənaye, İKT, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması ilə tranzit yükdaşımaları üçün imkanlar əhəmiyyətli dərəcədə artacaq.
Ş.Mustafayev biznes forumda və türkiyəli və gürcü həmkarları ilə ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamlarını ölkəmizdə yaradılan sənaye parklarına və aqroparklara investisiya yatırmağa dəvət edib.