Xəbər verildiyi kimi, Hesablama Palatası fevralın 15-dən martın 18-dək Naxçıvan Beynəlxalq Hava Limanında yoxlama aparıb.
Naxçıvan Hava Limanında da - ÇOXSAYLI MƏNİMSƏMƏLƏR AŞKAR EDİLDİ – PALATA AÇIQLADI - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki. 2021-2022-ci illəri əhatə edən yoxlamada Hava Limanının özəl şirkətlərlə formal müqavilələr bağladığı, göstərilən xidmətərə görə rəsmi olaraq pul alınmadığı və ya az alındığı, eləcə də fərqli şirkətlərlə müqavilələrin fərqli qiymətə bağlandığı aşkar edilib.
Belə ki, Naxçıvan Beynəlxalq Hava Limanı təsərrüfat hesablı müəssisəsi ilə Özəl şirkətlər arasında hava gəmilərinin enmə-qalxmasının təminatına dair müqavilələr bağlanmışdır. Müqavilələrin şərtlərinə əməl edilməyərək yerüstü, texniki və kommersiya xidmətləri, aeroport yığımı, təhlükəsizlik yığımları, təyyarənin artıq dayanması, xüsusi təhlükəsizliyi və qorunması və s. xidmətlərin faktiki olaraq göstərilməsinə baxmayaraq, ümumilikdə xidmətlərin dəyəri hesablanmayıb və Özəl şirkətlərdən alınmayıb.
Bundan başqa, hava gəmilərinə texniki xidmət, gələn sərnişinlərin təhlükəsizlik yığımı və hava gəmilərinin təhlükəsizlik xidmətinin haqları Özəl aviaşirkətindən ilə bağlanmış müqavilənin şərtlərinə daxil edilməyib. Nəticədə bu xidmətlərin faktiki olaraq göstərilməsinə baxmayaraq, Hava Limanı tərəfindən ümumilikdə bu xidmətlərin dəyərini təşkil edən 288 529 manat məbləğində xidmət haqqı Özəl aviaşirkətindən alınmayıb.
Digər tərəfdən Naxçıvan Beynəlxalq Hava Limanı ilə bir sıra hava yolları şirkətləri arasında bağlanmış müqavilələr üzrə göstərilən xidmətlərin tarifləri (enmə-qalxma, kommersiya xidməti, yerüstü xidmət və aeroport yığımı) arasında fərqlər yaranıb və bunun nəticəsində Hava Limanının gəlirlərinin azalmasına (bəzi hallarda artmasına) səbəb olub.