Mərkəzi Bankın İdarə Heyətinə yeni səlahiyyətlər verilir.
Bank lisenziyalarının alınması - QAYDASI DƏYİŞİR
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Mərkəzi Bankın İdarə Heyəti maliyyə bazarlarını tənzimləyən qanunlara müvafiq olaraq bu sahədə lisenziyaların verilməsi və ləğv edilməsi, maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda Mərkəzi Bankın nəzarət etdiyi subyektlərdə müvəqqəti inzibatçının təyin olunması və fəaliyyətinə xitam verilməsi, habelə rezolyusiya tədbirlərinin görülməsi barədə qərar qəbul edəcək.
Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə banklar, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya şirkətləri və qiymətli kağızlar bazarında digər lisenziyalaşdırılan şəxslər, investisiya fondları, investisiya fondunun idarəçiləri, klirinq (prosessinq) fəaliyyətini həyata keçirən şəxslər, kredit büroları və maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən digər şəxslərin (nəzarət subyektlərinin) fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirəcək.
Eyni zamanda İdarə Heyəti hüquqi şəxslərin yaradılması və (və ya) onlarda iştirak və sosial layihələrin (tədbirlərin) maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edəcək, məşvərətçi daxili komitələr yaradacaq və onların əsasnamələrini təsdiq edəcək, fond birjasından kənarda qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin təşkil olunduğu digər ticarət sistemini müəyyən edəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.