Media institutları ilə peşəkar kommunikasiyanın gücləndirilməsi, o cümlədən jurnalistlərin maliyyə savadlılığı səviyyəsinin yüksəldilməsi məsələlərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı media nümayəndələri üçün ixtisaslaşmış təlim proqramının keçirilməsi ənənəsini bu il də davam etdirmişdir.
AMB-dən FED.az-a verilən məlumata görə, 10 aprel – 12 may tarixlərində Mərkəzi Bank ölkənin aparıcı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Mərkəzi Bankçılıq və maliyyə savadlılığı” mövzusunda təlim keçirmişdir.
Azərbaycan Diplomatiya Akademiyasının və Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun dəstəyi ilə keçirilən təlimlərdə əsas məqsəd media nümayəndələrinin KİV-də aktual olan və Mərkəzi Bankın missiyası ilə əlaqəli olan müxtəlif iqtisadi mövzulara dair biliklərini zənginləşdirmək, ölkədə aparılan iqtisadi islahatlara və müxtəlif iqtisadi mövzulara dair xəbərlərin ictimaiyyətə daha peşəkar ötürülməsini təmin etməkdən ibarət olmuşdur.
İştirakçılara Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri, pul siyasətinin məqsədi və rejimləri, pul siyasətinin əməliyyat çərçivəsi, maliyyə sabitliyi, tədiyə balansı, ödəniş sistemlərinin inkişafı, nağd pul dövriyyəsinin idarə olunması, mərkəzi bankların kommunikasiyası, beynəlxalq iqtisadiyyat və s. mövzulara dair ətraflı məlumatlar verilmişdir. Mövzuların lazımi səviyyədə çatdırılması üçün seminarlar interaktiv şəkildə aparılmış, praktiki nümunələrlə, yığım oyunu ilə dəstəklənmiş və jurnalistlərin mövzulara dair sualları cavablandırılmışdır.
Yekunda təlimdə əhatə olunmuş mövzulara dair qiymətləndirilmə aparılmış və iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Mərkəzi Bank jurnaslistlər üçün “Mərkəzi Bankçılıq və maliyyə savadlılığı” mövzusunda təlim keçirib
16:06
15 May 2017