"Bu ilin dekabrın əvvəlində prezident İlham Əliyev dayanıqlı inkişafın yol xəritəsi sənədini təsdiq etdi. Bu sənəd faktiki olaraq Azərbaycanın daha geniş şaxələndirilmiş, daha dərin iqtisadi modelinin qurulmasına xidmət edəcək". Bunu Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən "Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Müxtəlif sahələri əhatə edən bu strategiyanın bir istiqamətinin maliyyə sektoru ilə bağlı olduğunu deyən R. Aslanlı bildirib ki, sənədin əsas məqsədi sabit, effektiv və dayanıqlı maliyyə sektorunu qurmaqdır: "Sabit maliyyə sektoru, yaxşı kapitallaşmış likvid vəsaitlərə malik olan maliyyə sektorudur. Dayanıqlı maliyyə sektoru mühüm tədbirlərə dözüm gətirəcək maliyyə sektorudur. Effekti isə müxtəlif istehlakçılar dairəsinə əlyetərli maliyyə xidmətləri təmin edən maliyyə sektorudur. Bu məqsədlə strategiyada bir neçə istiqamətlər nəzərdə tutulub. İlk növbədə biz bank sektorunda restrukturizasiya proseslərini tamamlamalıyıq. Bank sektorundakı qeyri-işlək aktivlər məsələsini həll etməliyik. Eyni zamanda, maliyyə infrastrukturunu əhəmiyyətli dərəcədə inkişaf etdirməliyik. Bununla əlaqədar artıq yol xəritəsinin imprementasiya proqramı hazırlanıb. Mən əminliklə deyə bilərəm ki, biz 2017-ci ilin dekabrın 24-də belə bir konfrans təşkil edilərsə, biz bununla bağlı məruzə edə bilərik".