Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirlərinin yenilənmiş əsas parametrləri açıqlanıb.
Bu il dövlət büdcəsinin gəlirlərinin 33,8 milyard manat olacağı gözlənilir
FED.az Azərbaycan Respublikası Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın 2023-cü il üçün nəzərdən keçirilmiş dövlət büdcəsinin gəlirləri 33,89 milyard manatdan yüksək olacağı proqnozlaşdırılır və bu daha əvvəl təsdiqlənmiş göstəricidən 10,1 faiz çoxdur.
Büdcə gəlirlərinin 52,3 faizi, yəni 17,739 milyard manatı neft sektorunun payına, 47,7 faizi və ya 16,15 milyard manatı isə qeyri-neft sektorunun payına düşür. 2023-cü ilin təsdiqlənmiş göstəriciləri ilə müqayisədə neft sektorunda gəlirlərin göstəricisi 1,442 milyard manat və ya 8,9 faiz, 2022-ci ilin fəaliyyət göstəricisi ilə müqayisədə 2,410 milyard manat (15,7 faiz), qeyri-neft sektorundan gələn gəlirləri isə 1,673 milyard manat və ya 11,6 faiz yüksək olub.
Dövlət büdcəsinin gəlirləri arasında qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiqlənmiş göstəriciyə nisbətdə 0,7 faiz bəndi artaraq 47,7 faiz olacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə büdcəyə daxilolmalar 14,987 milyard manat olmaqla büdcə gəlirlərinin 44,2 faizii təşkil edəcək. Dövlət Gömrük Komitəsinin xəttilə daxilolmalar 5,728 milyard manat olmaqla ümumi daxilolmaların 17 faizini təşkil edəcək.
Dövlət Neft Fondundan transferlər 11,737 milyard manat olmaqla ümumi daxilolmaların 34,6 faizini təşkil edəcək. Büdcə təşkilatlarının qeyri-büdcə gəlirlərindən daxilolmalar 857 milyon manat və ya 2,5 faiz, dövlət büdcəsinə digər daxilolmalar isə 580,8 milyon manat və ya 1,7 faiz olacaq.
Dövlət Vergi Xidmətinin xəttilə daxilolmaların məbləği bu ilin təsdiqlənmiş göstəricisindən 1,585 milyard manat və ya 11,8 faiz çox olacaq, o cümlədən neft sektorunda 6,002 milyard manat və ya 40 faiz, qeyri-neft sektorunda isə 8,985 milyard manat və ya 60 faiz təşkil edəcək.