Aprel ayının 16-da respublikanın paytaxt və regionlarını təmsil edən ali məktəblərin bakalavr və magistratura pilləsində təhsil alan tələbələri arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda 11-ci olimpiadanın ilkin seçmə mərhələsinə start verilib. Ənənəvi olaraq hər il keçirilən olimpiadanın təşkilində əsas məqsəd ali təhsil müəssisələrində təhsil alan tələbələrin vergi sahəsində biliklərinin artırılması, bilik səviyyəsi yüksək olan tələbələrin müəyyən edilməsi, gələcəkdə vergi sahəsi üzrə mütəxəssisərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir.
Vergilər nazirinin əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında “Vergilər” mövzusunda olimpiadanın təşkili və keçirilməsi Qaydaları”na əsasən, Olimpiada seçmə və yekun olmaqla 2 mərhələdə keçirilir. Seçmə mərhələsi olimpiadada iştirakı nəzərdə tutulan hər bir ali təhsil müəssisəsinin özündə təşkil olunur. Ali təhsil müəssisələri öz tələbələri arasında nəzərdə tutulan mövzular əsasında Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən hazırlanmış 50 test sualı üzrə 90 dəqiqəlik daxili imtahan keçirirlər. İmtahanların nəticələri barədə məlumat Vergilər Nazirliyinə təqdim edilir.
Olimpiadanın ilk seçmə mərhələsi aprelin 16-da Bakı şəhərində Azərbaycan Dövlət İqtisad Universitetində və “Azərbaycan” Universitetində, regionlarda Naxçıvan Dövlət Universitetində, Gəncə Dövlət Universitetində və Mingəçevir Dövlət Universitetində, aprelin 17-də isə Lənkəran Dövlət Universitetində keçirilib.
Vergi olimpiadasının seçmə mərhələsinin, o cümlədən regionlarda imtahan prosesinin tam şəffaf və obyektiv qaydada keçirilməsi məqsədi ilə Vergilər Nazirliyinin əməkdaşları tərəfindən bütün təşkilati tədbirlər həyata keçirilib.
Olimpiadanın yekun mərhələsinin mayın 5-də Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilməsi nəzərdə tutulur. Tədris Mərkəzi tərəfindən yekun mərhələ üçün bakalavrlara vergi qanunvericiliyi fənni üzrə 50, magistrlərə isə vergi qanunveriliyi fənni üzrə 50, vergi inzibatçılığı fənni üzrə 25 sual olmaqla ümumilikdə 75 sualdan ibarət olan fərdi test bazası hazırlanıb. Olimpiada onlayn rejimdə keçiriləcək. Nəticələr münsiflər heyətinin iştirakı və nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə müəyyən ediləcək.
“Vergilər" mövzusunda tələbə və magistrantlar arasında 11-ci olimpiadanın ilkin mərhələsi keçirilib
13:09
17 Aprel 2017