Azərbaycanda kino texnikasının, kino texnoloji avadanlığının və kino qurğularının idxalı 3 il müddətinə rüsumlardan azad ediləcək.
Bununla bağlı layihə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
“Gömrük tarifi haqqında” qanuna əlavə edilən 20.0.20-ci maddəyə əsasən, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlığının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə rüsumlardan azad ediləcək.
Bundan başqa, Vergi Məcəlləsinə əlavə edilən 106.1.18-ci maddəyə görə milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texniaksının, kino texnoloji avadanlığın və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azaddır.
Məcəlləyə əlavə edilən digər 164.1.36 maddəyə görə yuxarıda qeyd olunanlar qeyd olunan müddətə vergi ödəməkdən də azad edilirlər.
Vergi Məcəlləsinə əlavə edilən 106.1.18-ci maddəyə görə isə milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.