Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İstanbul Maliyyə Mərkəzinin açılış mərasimi keçirilib.
FED.az xəbər verir ki, Ərdoğan çıxışında “İstanbul Maliyyə Mərkəzi regionda yerli və xarici maliyyə qurumlarının fəaliyyətə başlaması ilə ölkə iqtisadiyyatına töhfə verəcək”, deyib.
Ərdoğan, "Qlobal maliyyənin ağırlıq mərkəzi getdikcə daha çox qərbdən şərqə doğru dəyişir. Bu kontekstdə Asiya ilə Avropa arasında artan ticarət rəqabəti və ölkəmizin geosiyasi mövqeyi İstanbul üçün yeni fürsətlər yaradır. Biz bunu bir addım da irəli atmışıq. İnanırıq ki, tarixən Şərq ilə Qərb arasında coğrafi və ticarət körpüsü kimi xidmət göstərmiş İstanbul, bu gün maliyyə bazarları arasında eyni əlaqəni qurma potensialına malikdir", - deyib.
Prezident, “Bu mərkəz üç qitənin qovuşduğu İstanbulda yeni bir maliyyə ekosistemi yaradacaq”, - əlavə edib.
Açılış mərasimində qeyd edilib ki, İstanbul Maliyyə Mərkəzi qlobal qarşılıqlı əlaqə və innovasiya mərkəzi olmaqla yanaşı, Türkiyənin maliyyə bazarlarının inkişafını və dərinləşməsini sürətləndirəcək.
Mərkəzdə banklar, kapital bazarı şirkətləri, investisiya və portfel idarəetmə şirkətləri, sığorta şirkətləri kimi geniş spektrli maliyyə qurum və təşkilatlar xidmətlər göstərəcəklər. (Marja)