İranın İxracat İnkişaf Bankı “İran Khodro” və “Saipa” avtomobil istehsalçı şirkətlərinə Azərbaycanda avtomobil istehsalı zavodlarının istifadəyə verilməsi üçün lazımi güzəştli vəsaiti təmin edə bilər.
Bunu İranın İxracat İnkişaf Bankının İdarə Heyətinin sədri və baş direktoru Əli Salehabadi deyib.
Ə. Salehabadi deyib ki, hələlik bu şirkətlər Azərbaycandakı investisiya layihəsinə vəsaitin ayrılması üçün banka müraciət etməyib. “İran Khodro və Saipa şirkətlərinin bizim banka borcu yoxdur və əgər müraciət edərlərsə, onlara yeni kreditlərin verilməsinə hazırıq”.
O, iki ölkənin bank sektoru sahəsində əməkdaşlığın genişləndirilməsini müsbət qiymətləndirib: “Azərbaycan və İran bankları arasında mübadilə hər iki ölkənin pul vahidi ilə həyata keçiriləcək. Bu da çox yaxşı haldır və hər iki ölkənin Mərkəzi Bankları artıq bununla bağlı razılıq əldə ediblər.
Ə.Salehabadi Cənubi Koreyanın Export–Import Bankından (KEXIM) 100 mln. avro və Türkiyənin banklarından birindən 75 mln. avro məbləğində kreditin alınması məsələsinə də münasibət bildirib: “İranın İxracat İnkişaf Bankının siyasətlərindən biri İrandakı zavodları xammalla təmin etmək üçün əcnəbi banklardan kredit almaqdır. Bu iki bankla kreditin alınmasına dair müqavilə tezliklə imzalanacaq”.