Azərbaycanda fəaliyyət göstərən İran Milli Bankının Bakı filialı 2022-ci ilin ilk rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, birinci rübdə İran bankının faiz gəlirləri 913 min manat, faiz xərcləri 78 min manat, xalis faiz gəliri 835 min manat təşkil edib.
Ötən illə müqayisədə faiz gəlirləri 16%, faiz xərcləri 4,5% artıb.
Birinci rübdə Bank aktivlər üzrə ehtiyatların yaradılmasına 107 min mianat ayırıb. Bu əvvəlki illə müqayisədə 6 dəfə artıqdır. Bundan başqa, valyuta aktivlərinin yenidən qiymətləndirilməsi İran bankına təqribən 30 min maat zərər vurub.
Əvəzində bank valyuta əməliyyatlarından təqribən 40 min manat əldə edib. Yeri gəlmişkən, İran bankının valyuta əməliyyatlarından gəlirləri kəskin azalıb – ötən il bu məbləğ 375 min manat idi – 9 dəfə azalma.
İran bankının haqq və komissiya gəlirləri 28 min manat, xərcləri 58 min manat olub. İlk 3 ayda bankın inzibati xərcləri isəs 443 min manat, yəni təqribən ayda 148 min manat olub – 6,5% artıb.
Nəticədə bankın vergidən əvvəlki və xalis mənfəəti (çünki vergi ödəməyib) 286 min manat təşkil edib.
Bu əvvəlki illə müqayisədə 2 dəfədən co azalma deməkdir. Xatırladaq ki, bank 2021-ci ilin 1-ci rübünü 614 min manat xalis mənfəətlə tamamlamışdı.
2022-ci ilin 1-ci rübündə İran Bankının aktivləri 3% artaraq 86,8 milyon manatdan 89,5 milyon manata yüksəlib. Artım nağd pul vəsaitlərini hesabına olub – 55,3 milyon manatdan 62,3 milyona yüksəlib.
Bankın kredit portfeli demək olar ki, dəyişməyib və 9,4 milyon manat ətrafındadır. Əvəzində qiymətli kağızlara yatırımlar 26% və ya 4,7 milyon manat azalaraq 18 milyon manatdan 13,3 milyon manata düşüb.
1-ci rübdə bankın öhdəliklərində də artım baş verib – xüsusilə maliyyə institutları qarşısında öhdəlikləri 4 milyon manat artaraq 26,8 milyon manat olub.
Əvəzmində müştəri hesablarındakı pullar 1,2 milyon manat və ya 11% azalaraq 10,7 milyondan 9,5 milyon manata enib.
Ümumilikdə öhdəliklər 51,4 milyon manatdan 53,8 msilyon manata yüksəlib.
Bankın cəmi kapitalı isə demək olar ki, dəyişməyib – 35,7 milyon manat. Bu – Mərkəzi Bankın tələblərindən (50 milyon manatlıq limit var) aşağıdır. Xatırladaq ki, İran bankının nizamnamə kapitalı 73 milyon manatldan artıqdır. Amma bunun 37 milyon manatı zərərdə itirilib. Səhmdarlar isə ölkələrarası münasibətlərə və Azərbaycan tərəfinin güzəştinə arxayın olaraq kapitalı bərpa etmək üçün əlavə vəsait ayırmayıblar.