“Azərbaycan İpoteka Fondu” (AİF) ASC bir sıra satınalmalar üzrə sifarişlərin qəbul müddətini uzadıb. FED.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AİF-dən məlumat verilib.
"AİF “İnformasiya Mübadiləsi Modulu”nda ipoteka kreditləri üzrə ödənişlərin qəbulu proseslərinin təkmilləşdirilməsi və yeni ödəniş imkanlarının yaradılması, eləcə də Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu (ABMUS) proqramında ödənişlərin icrası modulunun yaradılması və Cəmiyyətin vəsaiti hesabına verilən kreditlərin uçotu prosesinin təkmilləşdirilməsinə dair təkliflərin qəbul müddətini uzadıb”, - deyə məlumatda bildirilir.
Təkliflərin qəbul müddəti 6 fevral tarixinədək uzadılıb. Təklif zərfləri fevralın 7-də açılacaq.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2015-ci ildə AİF-in agent bankları tərəfindən 97,2 mln. manat məbləğində ipoteka krediti verilib.