Azərbaycanda investisiya fondları idarəçilərinin şəxsi kompüter sistemi dövlət tərəfindən mühafizəyə götürüləcək, bura icazəsiz daxil olmaq cinayət məsuliyyəti yaradacaq.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təşəbbüsü ilə Cinayət Məcəlləsinin 271-ci maddəsində dəyişiklik təklif edilir.
Məcəllənin 271-ci maddəsinin “Qeyd” hissəsində təklif edilən dəyişikliyə əsasən, investisiya fondları idarəçilərinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olmaq cinayət məsuliyyəti yaradacaq. İlkin olaraq buna görə, 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq. Əgər eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədilərsə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2000 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.
Hazırda bu cəzalar yalnız dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən xidmətlər göstərən dövlət idarə, müəssisə, təşkilatları, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kredit təşkilatları, sığorta şirkətləri və investisiya fondlarının kompüter sistemləri üçün nəzərdə tutulub.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 7-də müzakirəyə çıxarılacaq.