Texnologiyaların inkişafı şəraitində klassik biznes-modellər qabaqcadan təxmin edilə bilməyən dəyişikliklərə məruz qalır. Rəqəmsallaşma istiqamətində ümumdünya tendensiyası bazarı xidmət və məhsullarını daha çox onlayn müstəviyə keçirməyə sövq edir. Bu cür şəraitdə ənənəvi bankçılığın da əlavə biznes modelləri yaranır – “bankçılıq platforma kimi” (banking as a platform, BaaP). Bu servis çərçivəsində banklar öz infrastrukturunu istehlakçılar üçün xidmətlərin yaradılması məqsədilə kənar oyunçulara platforma kimi təqdim edirlər. Bu tendensiyanın nəticəsı olaraq, son vaxtlarda Açıq Bankçılıq konsepsiyası geniş müzakirə olunur.
Açıq bankçılıq barədə danışmağı IFC-nin “Azərbaycan və Mərkəzi Asiyada Elektron və Rəqəmsal Maliyyə Xidmətləri” layihəsinin Azərbaycandakı rəhbəri Teymur Heybətovdan xahiş etdik.
- Teymur müəllim, açıq bankçılıq nədir və adi bankçılıqdan nə ilə fərqlənir?
- Bankların mobil tətbiqlərin və yeni xidmətlərin yaradılmasına və yaxud mövcud xidmətlərin rəqəmsallaşmasına verdiyi üstünlük artmaqdadır. Banklara paralel olaraq bazarda bu istiqamətdə öz həllərində, bir qayda olaraq, yeni interfeyslərin, ödəniş mexanizmlərinin və məlumat xidmətlərinin işlənilməsi yolu ilə istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədini güdən fintex şirkətlər və startaplar meydana çıxır. Bununla belə, onlar pul vəsaitlərininin idarə edilməsi ilə məşğul olmaq istəmirlər, çünki bunun üçün bank lisenziyası tələb olunur.
Açıq bankçılıq – bu prinsipə əsasən banklar ixtisaslaşmış vasitəçilərə müştərilərin icazəsi ilə müştəri hesablarına çıxışı təmin edirlər. Bu konsepsiya vəzifələri aydın şəkildə bölüşdürməyə imkan verir – banklar yenə də pul vəsaitlərinin saxlanılmasını, köçürmələrin icrasını, kreditlərin verilməsini və digər lisenziyalaşdırılan fəaliyyətləri həyata keçirirlər. Vasitəçilər isə müştərilərə öz vəsaitlərinə daha rahat qaydada sərəncam verməyə kömək edirlər.
Açıq bankçılıq konsepsiyası Açıq API (Application Programming Interface / tətbiqi proqramlaşdırma interfeysi) prinsipinə əsaslanır. Bu interfeyslər vasitəsilə kənar şirkətlər, müştərinin icazəsi ilə onların bankdakı hesabına çıxış əldə edərək müştəriyə pul vəsaitlərinə sərəncam verilməsi üzrə xidmət göstərir.
Rəqəmsal xidmətlərin işlənilməsi bir çox hallarda bank tərəfindən müvafiq resursların daim yenilənməsi və dəstəklənməsini tələb edən maliyyə tutumlu bir iş ola bilər. Resurs məhdudiyyəti həmçinin banklara müxtəlif müştərilər üçün çoxsaylı fərqli interfeysləri eyni zamanda dəstəkləməyə imkan vermir. Açıq bankçılıq çərçivəsində isə bank hətta öz mobil tətbiqinə malik olmaya bilər – onun müştəriləri çoxsaylı kənar təminatçılar (informasiya vasitəçiləri) tərəfindən işənib hazırlanmış interfeyslərdən istifadə edə bilər.
- Açıq Bankçılıq nə cür üstünlüklər verir?
- Açıq Bankçılıq şərti olaraq iki növə ayrıla bilən yeni biznes modellərinin yaranmasına zəmin yaradır. Birinci növ pul vəsaitlərinin idarə edilməsi üçün yeni interfeyslərin yaradılmasıdır (məsələn, ödənişlərin həyata keçirilməsi). Ödənişləri həyata keçirmək üçün müştərilər informasiya vasitəçisinin işləyib hazırladığı tətbiqdən və ya digər interfeysdən bəhrələnə bilər. İkinci növ isə öz maliyyə vəsaitləri barədə ətraflı məlumatın əldə edilməsidir. Bu modeldə vasitəçi müştəriyə son əməliyyatlar, hesab qalıqları, kreditlər üzrə borclar və s. bu kimi məlumatları bir tətbiqdə görməyə imkan yaradır. Bu, xərcləri optimallaşdırmağa, habelə maliyyə intizamını gücləndirməyə imkan verir.
Açıq bankçılıq aşağıdakı imkanları açır:
- İnterfeyslərin müxtəlifliyi. İnformasiya vasitəçiləri bankların müştərilərinin yararlana bildiyi tətbiqləri işləyib hazırlaya bilir. Müxtəlif banklarda hesabları və kartları olan müştərilər fərqli bankların xidmətlərindən vahid tətbiqdə yararlana bilər. Müştərilər üçün digər bir üstünlük vasitəçinin interfeysinin bankın interfeysindən daha maraqlı və ya rahat ola bilməsi mümkünlüyüdür; bu isə müxtəlif interfeyslər arasında rəqabəti gücləndirir.
- Genişləndirilmiş funksional. Vasitəçilər məlumatın icmallaşdırılması ilə yanaşı, müştərinin maliyyə vəziyyətini də təhlil edərək maliyyə savadlılığının yüksəldilməsinə kömək edə bilər; misal olaraq, cari kreditin yenidən maliyyələşdirilə və ya pul vəsaitlərinin daha sərfəli faizlə depozitdə yerləşdirilə bildiyini göstərə bilərlər. Bundan əlavə, istifadəçi xərclər üzrə limitləri aşdığı və ya kredit kartı üzrə limitdən çox kənarlaşdığı halda, vasitəçi istifadəçiyə bu haqda xəbərdarlıq verə bilər. Vasitəçilər həmçinin müştərilərin skorinqini həyata keçirə bilər; məsələn, müştərinin fərqli banklarda aktivlərin sayı və həcminə baxaraq kreditorlara müştəri barədə skorinq arayışını təqdim edə bilər.
- Geniş çeşid. Açıq bankçılıq maliyyə əməliyyatlarının metodlarını və imkanlarını texnoloji baxımdan genişləndirməyə, həmçinin konkret maliyyə sistemindən və ya təşkilatından asılılığı azaltmağa imkan verir. Açıq bankçılıq bazarda rəqabətin yüksəlməsinə və “lock-in” effektlərinin (istehlakçının bir təchizatçının/bankın məhsul və xidmətləri ilə məhdudlaşması) minimum həddə endirilməsinə zəmin yaradır. Bazarda daha sərfəli təklifləri tapıb onlardan bəhrələnmək, pul vəsaitlərini sərbəst şəkildə və ən az xərclərlə köçürmək imkanı maliyyə xidmətləri bazarında rəqabəti stimullaşdıracaqdır.
- Xərclərin azaldılması. Bəzi kiçik maliyyə təşkilatları üçün yeni texnologiyalara daim investisiya qoyub iri oyunçularla rəqabətə çıxmaq çətin ola bilər. Açıq bankçılıq konsepsiyası sayəsində isə interfeyslərin işlənilməsini üçüncü tərəflərə həvalə edib özləri “bank servis kimi” təşkilata çevrilərək baza maliyyə əməliyyatlarına fokuslana bilər.
- Bazarda yeni oyunçuların yaranması. İnnovativ şirkətlər bazara çıxıb daha az məsrəfli yeni məhsulları təklif edə bilərlər. Hesabların açılması və ya əhalidən pul vəsaitlərinin qəbul edilməsi ilə məşğul olmaq istisna olmaqla, interfeysləri yaratmaq üçün onların tam bank lisenziyasını almalarına ehtiyac olmayacaqdır.
- Açıq bankçılığın yaranmasının səbəbləri nədir?
- Müxtəlif iştirakçılar arasında standart qarşılıqlı fəaliyyət protokolları iqtisadiyyatda artıq geniş şəkildə istifadə olunur, maliyyə sektoru sadəcə ümumi tendesiyaya uyğunlaşır. Ən sadə və geniş yayılmış nümunə - müxtəlif interfeyslər vasitəsilə - smartfon, ofis və ya ev kompyuterinizdə elektron məktubların yazılması və oxunması ola bilər. Bu interfeyslər müxtəlif şirkətlər tərəfindən işlənib hazırlanaraq sizin icazənizlə elektron poçtunuza çıxışı əldə edirlər.
Açıq bankçılıq konsepsiyası elektron poçtla bağlı tələblərdən, əlbəttə ki, daha ciddi olacaq, fərdi məlumatların təhlükəsizliyi və mühafizəsi üzrə tələblər nəzərə alınmaqla, maliyyə bazarında da oxşar mexanizmlərin meydana çıxacağını nəzərdə tutur.
- Açıq bankçılıq hansı ölkələrdə tətbiq olunur?
- Açıq bankçılıq maliyyə bazarında nisbətən yeni tendensiya olduğundan cəmi bir neçə ölkədə tətbiq edilmişdir. Bununla belə, onun maliyyə bazarlarında əsl inqilaba səbəb olacağını artıq indidən təxmin etməyə əsaslar vardır.
2015-ci ildə Avropa ərazisində ödəniş xidmətlərinin göstərilməsini tənzimləyən Avropa İttifaqının ikinci ödəniş direktivi (Payment Services Directive (PSD2)) qəbul edilmişdir. Həmin direktivlə açıq bankçılığın tətbiqi nəzərdə tutulur. Direktivlə müəyyən edilən əsas prinsip və qaydaları rəhbər tutaraq Avropa İttifaqının ölkələri milli qanunvericiklərinə müvafiq əlavə və düzəlişlər edirlər. İkinci ödəniş direktivi bankları öz API-lərini üçüncü tərəflərə açmağa məcbur edir.
Açıq bankçılığın tətbiqinin ən məşhur nümunəsi banklarla vasitəçilər arasında informasiya üzrə qarşılıqlı fəaliyyət standartlarını hazırlamış ilk ölkələrdən olan Böyük Britaniyadır (həmin dövrdə hələ Aİ-nın tərkibində idi). 2018-ci ildə Böyük Britaniyanın doqquz ən iri kredit təşkilatı nəzarət qurumunun göstərişinə əsasən API-lərini üçüncü tərəflərə açdılar.
Açıq bankçılığın fəal tətbiqi prosesində iştirak edən digər ölkələr isə Türkiyə, Rusiya, Sinqapur, Malayziya, Hindistan, ABŞ, Kanada, Meksika və bir neçə digər ölkələrdir.
Mənbə: BBVA, Finastra, Konsentus, IFC-nin təhlili
Bir sıra ölkələrdə açıq bankçılıq prinsiplərinin tətbiqi üçün xüsusi tənzimləmə rejimindən istifadə olunur, digərlərində isə bazar iştirakçıları informasiya sahəsində qarşılıqlı fəaliyyət standartlarını özləri hazırlayaraq tətbiq edirlər. Strategiyanın seçimi bir çox amillərdən, o cümlədən bazarın strukturundan, ödəniş zəncirinin müxtəlif iştirakçılarının rolundan və bu kimi digər məsələlərdən asılıdır.