Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyi müxtəlif tibb xidmətləri üzrə icbari tibbi xidmətlərin hansı formada maliyyələşdiriləcəyinə aydınlıq gətirib.
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyindən bildirilib ki, ilkin tibbi xidmətin maliyyələşməsi üçün ilkin tibbi xidmət müəssisələrinə müəyyən edilən adambaşına məbləğə və əhatə etdikləri əhali sayına uyğun olaraq ödəniş edilməsi nəzərdə tutulur. Tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə fəaliyyət nəticələrinə uyğun olaraq, ilkin tibbi xidmət müəssisələrinə illik bonuslar ödənilməsi planlaşdırılır.
Ambulator və stasionar tibbi xidmət üzrə ambulator və stasionar tibb müəssisələrinə hər bir xidmət üçün müəyyən edilən qiymətlərə uyğun olaraq ödənişlərin edilməsi nəzərdə tutulur.
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə hər xidmətə görə ödənişin həyata keçirilməsi nəzərdə tutulur.
Agentlikdən bildirilib ki, icbari tibbi sığortanın dövlət tərəfindən ayrılan maliyyə vəsaitləri, əhali tərəfindən ödənilən icbari tibbi sığorta haqları və digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. İcbari tibbi sığorta haqqı ödəmə qabiliyyətinə malik olmayan şəxslər üçün sığorta haqları dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bu məqsədlə bir sıra əhali qrupları (18 yaşına çatmamış uşaqlar, əyani təhsil alan tələbələr, işləməyən pensiyaçılar, sosial müavinət alanlar, ünvanlı dövlət sosial yardım alanlar, işsizlik statusu olan şəxslər və hamilə qadınlar) müəyyənləşdirilib. İTS haqqı ödəməsi nəzərdə tutulan əhali qrupları üzrə də məlumatlar toplanmış və təhlil edilmişdir.
Baza zərfinə 1829 sayda tibbi xidmət daxil edilib. Bunlardan 480-i ambulator, 677 –i stasionar, 18–i ilkin səhiyyə, 6–ı təcili və təxirəsalınmaz, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Baza zərfi həmçinin 459 adda laborator müayinəyə və 166 adda həyati vacib, dəyəri yüksək xidmətlərə də təminat verir. Baza zərfi tərəfindən təminat verilməyən xidmətlərin sayı 1186-dır, bu xidmətləri əldə etmək üçün vətəndaşlar rəsmi qaydada ödəniş aparmalıdırlar.
Xatırladaq ki, icbari tibbi sığorta layihəsi pilot olaraq, bu il yanvarın 1-dən Yevlax və Mingəçevirdə həyata keçirilir.