Hesablama Palatası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış işlərinə yönəldilmiş vəsaitlərin istifadəsinin auditini həyata keçirib.
Palatadan verilən məlumata görə, audit nəticəsində müəyyən olunub ki, nazirliyin hüquqi şəxs statuslu dövlət orqanı kimi yaratdığı Milli Geoloji Kəşfiyyat Xidməti və bu Xidmətin hüquqi şəxs statuslu 10 qurumu dövlət qeydiyyatına alınmayıb, proqnoz göstəricilərinin tərtibi zamanı gözlənilən xərclərin və tələb olunan vəsaitin həcmi üzrə müvafiq hesablamalar aparılımadan keçən ilin faktiki xərclərini təqribi artırılmaqla büdcə təklifləri hazırlanıb.
2014-cü ilin Dövlət Sifarişində “Seysmoaktiv zonaların seysmogeodinamik şəraitinin öyrənilməsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə palçıq vulkanlarında müşahidə işlərinin aparılması”na dair geoloji işlər nəzərdə tutulsa da, həmin işlər Xidmətin “Obyektlər Planı”na daxil edilməyərək icra olunmayıb. “Obyektlər Planı”nda nəzərdə tutulan bəzi obyektlər üzrə layihənin smeta dəyəri, hər ilin başlanğıcına qalıq smeta dəyəri, yekun hesabatın Elmi-Texniki Şuraya təqdim olunma tarixi (vaxtı) göstərilməyib.
Radioaktivlik xəritəsinin tərtibi üzrə geoloji-kəşfiyyat işlərinin yerinə yetirilməsi haqqında aktlarda nüvə geofiziki axtarış işlərinin respublikanın hansı ərazisində yerinə yetirildiyi qeyd edilməyib, bəzi hallarda başa çatdırılmış işlərə çəkilən məsrəflərin hesabatdan silinmə dövrü ilə hesabatın Arxiv Fonduna təhvil verilmə dövrü arasında uyğunsuzluqlar mövcud olub, başa çatdırılan geoloji-kəşfiyyat işləri üzrə hesabatlar Arxiv Fonduna təhvil verilsə də, həmin işlərə çəkilən məsrəflərin ekspedisiyaların mühasibat hesabatlarından vaxtında silinməməsi səbəbindən hesabatlarda nöqsanlara yol verilib.
Ekspedisiyalar tərəfindən onlara ayrılmış vəsaitin təyinatı dəyişdirilərək xüsusi təyinatlı əsas vəsaitlərin, komplektləşdirilmə məmulatlarının və digər bu kimi material ehtiyatlarının alınmasına yönəldilib, ekspedisiyalar tərəfindən bəzi obyektlərin layihə-smeta sənədlərində xərc elementləri üzrə (əmək haqqı, material ehtiyatları, nəqliyyat və.s. xərclər) norma kimi müəyyən edilən məbləğ ilə geoloji-axtarış və qiymətləndirmə işlərinin aprılmasına çəkilən faktiki xərclərin məbləği fərqli olub.
Geoloji-kəşfiyyat və topogeodeziya-axtarış işlərinin aparılmasını tənzimləyən normativ-hüquqi aktların qəbulu istiqamətində tədbirlər həyata keçirilməyib, normativ-hüquqi akt qəbul etmək hüququ olmayan Nazirliyin Layihələndirmə Mərkəzi tərəfindən təsdiq edilmiş “Geoloji-kəşfiyyat işlərində iş vahidinə əmək sərfi norması və smeta qiymətləri Toplusu”na əsasən müəyyən olunub, eyni zamanda Mərkəz tərəfindən əsaslandırma aparılmadan əmək haqqı xərclərinin 15%-i həcmində xidmət haqqı yerinə yetirilmiş işlərə çəkilən əsas xərclərin tərkibinə daxil edilib.
Qeyd edək ki, audit 2014-2015-ci illərdə Milli Geoloji Kəşfiyyat Xidməti, Abşeron-Qobustan və Xəzəryanı Geoloji Axtarış Ekspedisiyası, Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyası, Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası, Kiçik Qafqaz Geoloji Axtarış Ekspedisiyası, Faydalı Qazıntıların Operativ Kəşfiyyatı Ekspedisiyası, Mineral Xammal Elmi Tədqiqat İnstitutu, Geoekoloji Monitorinq Mərkəzi, Nüvə Geofiziki Tədqiqatlar Mərkəzi, Geoloji Planalma Ekspedisiyası və Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondu tərəfindən istifadə olunan ümumilikdə 13 360,2 min manat vəsaiti əhatə edib.