Dekabrın 6-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilməsi nəzərdə tutulan yeni hərraca ümumilikdə 100 dövlət əmlakı çıxarılıb.
Komitədən verilən məlumata görə, bunun 26-sı səhmdar cəmiyyəti, 50-si kiçik dövlət müəssisə və obyekti, 24-ü nəqliyyat vasitəsidir.
Hərracda əmlak sahibi olmaq istəyən hər kəs iştirak edə bilər. Bunun üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilməli və əmlakın satış qiymətinin 10%-i məbləğində beh elektron və bank vasitəsilə ödənilməlidir. Elektron sifariş hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərraca çıxarılan 50 kiçik dövlət müəssisəsi və obyektlərindən 14-ü altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Nizami, Suraxanı, Sabunçu, Qaradağ, Xəzər, Binəqədi, Pirallahı rayonları, Gəncə, Mingəçevir, Yevlax və Sumqayıt şəhəri, habelə, Sabirabad, Saatlı, Hacıqabul, Neftçala, Balakən, Cəlilabad və digər rayonlarda yerləşir. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Hərraca çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrinin isə hamısı paytaxtda yerləşir.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiymətinə təklif olunan dövlət əmlakları Balakəndə yerləşən əmlak kompleksi və paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC-dir. Belə ki, bu əmlaklar müvafiq olaraq 1 milyon yüz min manat və 1 milyon 75 min manat ilkin satış qiyməti ilə təklif olunur. Balakəndəki əmlak kompleksinin sahəsi 89530 kv.m., Bakıdakı "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC-nin torpaq sahəsi isə 4129,4 kv.m.-dir.
Budəfəki hərracda 26 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kənd-kimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Ağsu Sənaye İnşaat”, “Lənkəran Mebel”, “Sabirabad Mexanikləşdirmə”, “Xəzər Avtonəqliyyat”, “Daşkəsən Aqrotexservis” kimi səhmdar cəmiyyətlər var.
Komitə yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.