Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 və 17 yanvar 2017-ci il tarixində keçiriləcək yeni hərraclara ümumilikdə 88 əmlak çıxarılıb. Komitədən verilən məlumata görə, bunlardan 20-si səhmdar cəmiyyəti, 56-sı kiçik dövlət müəssisəsi, 12-si isə nəqliyyat vasitəsidir.
Kiçik dövlət müəssisələri və nəqliyyat vasitələrinin satışı üzrə hərrac 10 yanvarda, səhmdar cəmiyyətlərinin satışı üzrə hərrac isə 17 yanvarda keçiriləcək.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün www.privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. Hərraca çıxarılan bir çox əmlaklar torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Hərracda ən yüksək qiymət paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC-yə təyin olunub. Belə ki, adıçəkilən əmlak 1 milyon 75 min manata iddiaçılara təklif olunacaq. Suraxanı rayon 9 saylı stomatoloji poliklinikası 796 min 563 manat, Mingəçevirdə yerləşən quşçuluq yardımçı təsərrüfatı isə 400 min manat start qiyməti ilə hərraca çıxarılıb. Mingəçevir şəhərində yerləşən 9 mərtəbəli binanın 1-ci mərtəbəsindəki istifadəsiz sahə isə 100 min manata təklif olunur.
Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında “Bərdə Mexaniki Təmir”, “Gəncə Sənaye Tikinti”, “Kürdəmir Quşçuluq”, “Salyan İnşaat Xidmət”, “Azərmetalinvest”, “Oğuz Kəndkimya” kimi səhmdar cəmiyyətlər var.