Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanat açıqlayıb.
FED.az xatırladır ki, bu sənəd ölkənin meqarequlyatorunun iqtisadiyyata, maliyyə sektoruna baxışını, 2022-ci ildə əsas istiqamətlər üzrə proqnoz və gözləntilərini əks etdirir.
Bəyanatda 2022-ci ildə manatın məzənnəsi (yəni həm də dolların məzənnəsi) ilə bağlı əhalinin və biznesin səbirsizliklə gözlədiyi məqamlara da toxunulub.
Mərkəzi Bankın bu dəfəki bəyanatında 2022-ci ildə gözlənilən dollar/manat məzənnəsi ilə bağlı dəqiq hədəf göstərilməyib.
Bununla yanaşı Mərkəzi Bank bildirir ki, 2021-ci ildə yüksək neft qiymətləri, qeyri-neft ixracının əhəmiyyətli artımı şəraitində ölkənin profisitli ticarət və tədiyə balansının formalaşması milli valyutanın məzənnəsinin sabitliyinin qorunmasına və ilin yekunlarına görə strateji valyuta ehtiyatlarının artmasına imkan vermişdir (yəni 2021-ci ildə – FED.az). Valyuta bazarının tarazlığı şəraitində məzənnə sabitliyi xarici mühitdən gələn inflyasiyanın əhəmiyyətli balanslaşmasına şərait yaratmışdır.
2022-ci ilə gəlincə isə, Mərkəzi Bank bildirir ki: «Proqnozlaşdırılan profisitli tədiyə balansı, dövlət büdcəsinə Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı 2022-ci ildə də daxili valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyəcəkdir».
Bundan başqa, AMB-da əmindirlər ki, 2022-ci ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin etməklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcəkdir.
Bununla yanaşı, Mərkəzi Bank bildirir ki, valyuta bazarında tarazlığın qorunması növbəti il və ortamüddətli dövrə də xarici valyuta gəliri mənbələrinin şaxələnməsi istiqamətində islahatların sürətləndirilməsini aktuallaşdırır.